SOCAR-ın İzmirdə inşa edəcəyi II zavodun yekun investisiya qərarı gələn il veriləcək

SOCAR-ın İzmirdə inşa edəcəyi II zavodun yekun investisiya qərarı gələn il veriləcək

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq".

“Report”un məlumatına görə, bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq: “Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək”.

A.Məmmədov onu da deyib ki, 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır: "BP və “SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlanması nəzərdə tutulur”.

Mənbə: report.az