DÜNYADA 20 ŞİRKƏT PLANETİ ZƏHƏRLƏYİR

DÜNYADA 20 ŞİRKƏT PLANETİ ZƏHƏRLƏYİR

Enerji şirkətləri təhlükədən xəbərdar olsalar da iqlim böhranına səbəb olurlar.

“Analiz Amerikanın ən nüfuzlu və aparıcı elmi müəssisəsi hesab edilən, iqlim böhranının dərinləşməsində əsas neft şirkətlərinin rolunu araşdıran İqlim Məsuliyyəti İnstitutunun (Climate Accountability Institute) əməkdaşı Riçard Hid (Richard Heede) tərəfindən aparılıb. Ekspert şirkətlərin 1965-ci ildən hasil etdiyi yanacağın və bu yanacağın verdiyi tullantıların həcmini qiymətləndirib. 1965-ci il təsadüfi seçilməyib. Mütəxəssislərin sözlərinə görə, məhz onda şirkət rəhbərləri və siyasətçilərə yanacağın ətraf mühitə təsiri məlum olub”, - Metyu Teylor (Matthew Taylor) və Conatan Uotts (Jonathan Watts) “The Guardian” qəzetində yazırlar.

Məqalədə deyilir ki, bütün dünyada karbon və metan qazı tullantılarının 35%-i həmin siyahıda olan ilk 20 şirkətin payına düşür. 1965-ci ildən bəri tullantıların ümumi həcmi 480 milyon tona bərabər olub.

Siyahıda “Chevron”, “Exxon”, “BP” və “Shell” kimi özəl şirkətlərlə yanaşı, “Aramco” və “Qazprom” kimi dövlət şirkətləri də var.

“Chevron” investorlara məxsus 8 şirkət arasında liderlik edir. “Exxon”, “BP” və “Shell” ondan bir balaca geri qalır. 1965-ci ildən ümumdünya karbon qazı tullantılarının 10%-dən çoxu bu dördlüyün payına düşür.

20 şirkətdən 12-i dövlətə məxsusdur. Onlar həmin dövr ərzində ümumi tullantıların 20%-nə görə məsuliyyət daşıyırlar. Dövlət müəssisələri arasında aparıcı “çirkləndirici” “Saudi Aramco” şirkətidir. Ümumi tullantı həcminin 4,38%-i onun payına düşür.

“İqlim böhranın ən böyük faciəsi ondadır ki, bütün bunlara görə bədəli pisləşən həyat şərtləri ilə üzləşən yeddi milyard yarım insan ödəməlidir. Ona görə ki, planeti çirkləndirən bir neçə şirkət rekord gəlir əldə etsin. Bu, siyasi sistemimizin ən böyük mənəvi uğursuzluğudur. Və buna biz özümüz yol vermişik”.

Qlobal çirkləndiricilərin siyahısı şirkətlərin neft, qaz və kömür hasilatının illik hesabatları, hasilatdan başlayaraq yekun istehlaka qədər istehsal və satış dövrünü əhatə edən bütün mərhələlərdə istehsal edilən yanacağın atmosferə buraxdığı tullantıların həcmi ilə bağlı hesabatlara əsaslanıb.

Alimlər müəyyənləşdiriblər ki, əsas 20 şirkətin payına düşən 90% tullantı həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların, məsələn, benzin, aviasiya yanacağı, qaz və energetik kömürdən istifadə nəticəsində, 10% isə hasilat, emal və hazır yanacağın tədarükündən əldə olunur.

2017-ci ildə Amerikanın Narahat Alimlər İttifaqından Piter Frumhoff (Peter Frumhoff) tərəfindən dərc edilən tədqiqata əsasən, 90 ən böyük sənaye istehsalçısı tərəfindən atmosferə buraxılan karbon və metan qazı 1880-2010-cu illər ərzində qlobal temperaturda artımın demək olar yarısını və dünya okeanının səviyyəsində artımın üçdə bir hissəsini təmin edib. Alimlərin sözlərinə görə, onların apardığı işlər “iqlim dəyişikliyində şirkətlərin tarixi məsuliyyəti haqqında düşünməyə məcbur edir”.

Hidin sözlərinə görə, bu yaxınlarda aparıılan araşdırma göstərib ki, 1965-ci ilədək şirkət rəhbərləri və siyasətçilər, xüsusən, amerikalılar yanacağın ətraf mühitə necə təsir göstərdiyindən xəbərdar olublar.

1965-ci ilin noyabrında dövlət başçısı Lindon Conson (Lyndon Baines Johnson) prezidentin elmi-məsləhət komitəsindən olan ətraf mühitin çirklənməsinin öyrənilməsi üzrə işçi qrup tərəfindən hazırlanan məruzənin dərc edilməsinə göstəriş verib. Həmin hesabatda təbii yanacağın gələcək istehsalının qlobal istiləşməyə mümkün təsirləri haqqında ətraflı məlumat verilib.

Burada BMT-nin ötən il səsləndirdiyi xəbərdarlığı xatırlatmaq lazımdır. Bildirilib ki, qarşısıalınmaz qlobal istiləşmənin ən dəhşətli nəticələrinə yol verməmək və sənayedən əvvəlki səviyyə ilə müqayisədə temperatur artımını məhdudlaşdırmaq üçün dünyanın cəmi 12 il vaxtı qalıb.

Tədqiqatçılar qeyd edir ki, əsas çirkləndiricilər bütün dünyada məşhur olan özəl şirkətlərdir. Onlar lobbiçilik fəaliyyətinə milyardlar xərcləyir və ətraf mühitin mühafizəsinə məsuliyyətlə yanaşan müəssisə obrazı yaratmağa çalışırlar.

Bu il daha bir araşdırma aparılıb. Həmin araşdırmanın müəllifləri aşkar ediblər ki, səhmləri birjada yüksək qiymətləndirilən beş ən böyük neft-qaz şirkəti iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş addımları ləngitmək və ya dayandırmaq üçün lobbiçilərə ildə təxminən 200 milyon dollar ödəyirlər.

Hid bildirib ki, bu şirkətlər “iqlim böhranına görə mənəvi, maddi və hüquqi məsuliyyət daşıyırlar, dolayısıyla, bu problemin həllində iştirak etməyə borcludurlar”.

Mənbə: www.xpressa.net