Oğuzda payızlıq dənlilərin əkininə başlanılıb

Oğuzda payızlıq dənlilərin əkininə başlanılıb

Oğuz, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, kampaniyanın ilk günlərində rayonun Böyük Söyüdlü, Yaqublu, Padar və Qumlaq kəndlərinin ərazisində 375 hektar sahəyə arpa, 50 hektara isə buğda toxumu səpilib. Payızlıqların əkini üçün təsərrüfatlarda 17 min hektar sahədə şum qaldırılıb. Əkin üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 936 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.

Xatırladaq ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.

Mənbə: azertag.az