Dördüncü regional proqram uğurla həyata keçirilir

Dördüncü regional proqram uğurla həyata keçirilir

Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər ­görülüb və gözəl nəticələr var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin gerçəkləşdirilməsi siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini–neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını şərtləndirmişdir.
Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən 16 ildə öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sözügedən dövr ərzində reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də regionların tarazlı və davamlı inkişafıdır. Artıq bu ilin əvvəlində dövlət başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılıb. Üç regional dövlət proqramı uğurla yerinə yetirilib və bunun nəticəsində Azərbaycan regionlarının siması köklü surətdə dəyişib.
Regional Dövlət proqramlarının icra olunduğu illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.
Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Regionların inkişafının mühüm göstəricilərindən olan sənaye parkı və məhəllələri haqqında da bəzi məqamları diqqətə çatdırmaq istərdik. Hazırda yerlərdə bu cür 9 nəhəng müəssisə kompleksi yaradılıb. Onlarda 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Bu gün regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması məqsədilə aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Artıq müsbət nəticələr var. İyirmi iki aqropark fəaliyyət göstərir, cari ilin sonuna qədər isə 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq və 4 mindən çox yeni iş yeri yaradılacaqdır.
İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. İndiyədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kəndlərdə mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib. Meliorasiya sahəsində görülən işlər də diqqətəlayiqdir. Min kilometrlərlə kollektor-drenaj sistemləri təmizlənir, subartezian quyuları qazılır, əhalinin istifadəsinə verilir.
Regionlarda sosial sahədə görülən işlər də diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir ki, bu sahədə artıq yeni yanaşma da mövcuddur – modul tipli məktəblərin tikintisinə başlanılıb. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aiddir. Hazırda bu proqram uğurla icra olunur. Dövlət Proqramı çərçivəsində 2014–2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Ölkə rəhbərinin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması bölgələrin sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.
İnfrastrukturların yaradılması regionlara investisiya qoyuluşunu gücləndirib. Eyni zamanda, əlverişli biznes, investisiya mühitinin formalaşmasını sürətləndirib.
Məhz bu tədbirlərin nəticəsidir ki, təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb. Bu məbləğin 8,2 milyard dolları xarici investisiyadır. Bu ilin 6 ayında isə iqtisadiyyata 6 milyard dollardan çox investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 49 milyard dollara yüksəlib. Ötən il bu rəqəm 45 milyard dollar idi və 6 ayda bu məbləğin 4 milyard dollar artması rekord göstəricidir.
Özəl bölmənin tərəqqisi məqsədilə 2014–2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşüb, ötən il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit ayrılıb. Sözügedən dövrdə yeni sənaye müəssisələrinin yaradılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib.
Prezident İlham Əliyev cari il iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.
Ümumiyyətlə, regionların inkişafı ilə bağlı 2019–2023-cü illəri əhatə edən dördüncü dövlət proqramı çərçivəsində bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atılır. Eyni zamanda, hazırda regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.
Aqrar sektordan danışarkən, xatırladaq ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.
Sonda qeyd edək ki, dördüncü proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacağı nəzərdə tutulub ki, bunun da təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com