Yaponiya və Fransa İrana 18,42 milyard dollar kredit təklif edib

Yaponiya və Fransa İrana 18,42 milyard dollar kredit təklif edib

Yaponiya və Fransa İrana neftlə təminat qarşılığında 18,42 milyard dollar kredit verilməsinə dair birgə plan təklif edib.

APA-nın xəbərinə görə, bu barədə "Mayniti" nəşri məlumat yayıb.

Kredit İranın yenidən Hərtərəfli Birgə Fəaliyyət Planının şərtlərinə əməl etməyə razılaşacağı təqdirdə ayrılacaq.

Yaponiya bu yay Fransanın İrana 15 milyard dollar kredit ayrılması barədə təklifini dəstəkləyib. Tehran həmin vaxt sanksiyaların zərərli təsirini azaltmaq üçün kreditin miqdarını 18,42 milyard dollara qaldırmağı tələb edib. Yaponiya hökuməti hesab edir ki, bu addım Tehranla Vaşinqton arasında danışıqların başlamasına da kömək edəcək.

Kredit neft hesabına ödənilməli, İran isə ayrılan maliyyədən ərzaq və tibbi ləvazimatların alınması üçün istifadə etməlidir.

Qeyd edək ki, bu yay 15 milyard dollar kredit barədə təklifin olduğunu sonradan İran Xarici İşlər nazirinin müavini Abbas Arakçı təsdiqləmiş, Tehranın nüvə sazişinin şərtlərə yenidən əməl etməyə qayıtmasının kreditin məbləğindən asılı olacağını bildirmişdi.

Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi yerinə yetirməyəcəyini bəyan edib.

Mənbə: apa.az