Manatla dollar arasında “9-luq” fərq

Manatla dollar arasında “9-luq” fərq

Azərbaycan banklarında xarici valyutada olan əmanətlərin həcmi milli valyutada qorunan əmanətlərdən daha çox olsa da, yaxın gələcəkdə nisbət dəyişilə bilər.

Belə ki, manat əmanətlərinin həcmi artmaqda davam edir.

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb. Əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Qeyd edək ki, sentyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,87 (1,91) manata, 100 rus rubluna 2,62 (2,61) manata bərabər olub.

Əhalinin milli valyutada əmanət qoyuluşuna üstünlük verməsi hansı amillərlə bağlıdır? Bu vətəndaşların manata olan etibarından irəli gəlir, yoxsa bu məsələdə tətbiq olunan faiz fərqi milli valyutada əmanət qoyuluşuna üstünlük verilməsinə şərait yaradır?

Bank məsələləri ürə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mili valyutada əmanət qoyluşunun artmasında hər iki amilin təsiri var:

“Amma əsas amil faiz dərəcəsi ilə bağlıdır. Xarici valyutada əmanətin qorunması üçün qoyulan faiz 3 faizi keçməməlidir, banklar isə heç 3 faizlə də qəbul etmirlər, bir çox hallarda 1 faizlə qəbul edirlər. Təbii ki, bu da vətəndaşlara sərf etmir. Son zamanlara qədər milli valyutada qorunan əmanətlərə 15 faiz tətbiq olunurdu, hazırda isə bu 10 faizdir. Banklar demək olar ki, əsasən, elə 10 faizlə də qəbul edirlər. Faktiki olaraq, milli və xarici valyutalar arasında fərq 10 dəfədir”.

Bununla belə, ekspert deyir ki, burada milli valyutaya uzunmüddətli olmasa da qısamüddətli inamın yaranmasının da rolu var:

“Artıq 3 ilə yaxındır, yəni 2017-ci ilin fevral ayından indiyədək milli valyutanın məzənnəsi sabit -1,7 dollardır. Təəssüf ki, Dövlət Statistika Komitəsi əmanətlərin qoyulma müddətini açıqlamır. Bu açıqlansa idi, üzə çıxardı ki, əksəriyyət milli valyuta əmanətlərini uzunmüddət üçün banka qoymur. Çünki uzunmüddət üçün milli valyutaya inam yoxdur. Qısamüddətli inam var və bu da daha çox gəlir götürülməsinə hesablanıb”.

Əkrəm Həsənov bu tendensiyasının yaranmasının dövlət siyasətindən irəli gəldiyini deyib:

“Məhz buna görə də qorunan əmanətlər üzrə faizlər endirilib. Dövlət özü banklara əhaliyə xarici valyutada kredit verməyi qadağan edib. Bu baxımdan da banklar xarici valyutada əmanət qəbul etməyə maraqlı deyil. Bank xarici valyutada olan pulları kredit formasında heç kimə verə bilmir. Fiziki şəxslərə qanuna görə verə bilmir, hüquqi şəxslər isə devalvasiyadan qorxduqları üçün xarici valyutada kredit götürmək istəmirlər. Əhalinin milli valyutada olan əmanətlərinin artması dövlətin siyasəti olsa da, atılan addımlara, xarici valyutaya tətbiq olunan faizin bu cür aşağı olmasına baxmayaraq, xarici valyutada olan əmanətlər çoxluq təşkil edir. Bu baxımdan demək olmaz ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının yürütdüyü siyasət uğurludur. Cüzi uğurlar var ki, bu da olmaya bilməzdi. Ümumilikdə milli valyutaya etimad o qədər aşağıdır ki, atılan addımlara baxmayaraq, yenə də banklarda əmanətlərin çoxu xarici valyutadadır”.

Xatirə Nəsirova
Cebhe.info

 

 

Mənbə: cebhe.info