RUSİYA İQTİSADİYYATININ ƏN İRİ İNVESTORU ABŞ-DIR

RUSİYA İQTİSADİYYATININ ƏN İRİ İNVESTORU ABŞ-DIR

“Ölkələr arasında ikitərəfli münasibətləri və onların fəaliyyətinin miqyasını qiymətləndirmək üçün son dərəcə vacib statistika hesab edilən birbaşa xarici investisiyalar haqqında məlumat bu gün böyük bir problemə çevrilib: biznes üçün əlverişli vergi və hüquq rejimlərinə malik vasitəçi ölkələrdən istifadə edildiyi üçün investisiyaların böyük bir hissəsinin haradan daxil olduğunu müəyyənləşdirmək çətinləşir. Lakin BMT-nin Ticarət və İnkişaf üzrə Konfransından (UNCTAD) iqtisadçı bu maneəni aşmağın yolunu açıqlayıb: bu zaman Rusiya və Çin kimi böyük iqtisadi gücə malik ölkələrin maliyyə məlumatları tamam başqa cür görünür”, - siyasi analitik Leonid Berşidski (Leonid Bershidsky) “Bloomberg” nəşrində yazır.

“UNCTAD-ın məlumatına əsasən, birbaşa xarici investisiyaların 30-50%-i vasitəçi ölkələrdən keçdiyi üçün əsl mənbəni müəyyənləşdirmək çətinləşir. 2017-ci ildə Beynəlxalq Valyuta Fondunun (BVF) iki iqtisadçısı oriyentir kimi birbaşa xarici investisiyaların rəsmi göstəricilərindən istifadə etməyi təklif edib. Belə ki, yekun investoru müəyyənləşdirmək üçün bəzi ölkələr hələ də bu məlumatları əldə edir”, - məqalədə deyilir.

Nəşr xatırladır ki, cari ilin əvvəli UNCTAD-ın əməkdaşı Bruno Kasella (Bruno Casella) vasitəçi ölkələrdən yan keçmək üçün daha qəliz üsul təklif edib: “Bu metod bir ölkənin başqa ölkə üçün “kanal” rolunda çıxış etmək ehtimalına əsaslanıb. Daha sonra ehtimallar Markov zənciri kimi tanınan riyazi sistemlərdən istifadə edilməklə modelə çevrilir”.

“UNCTAD-ın məlumatına əsasən, Rusiya bir neçə kiçik ada dövlətindən hesabatlarında qeyd etdiyindən daha az xarici investisiya alır. Əlbəttə, heç kim, o cümlədən Rusiya Mərkəzi Bankı Kipr, Niderland və Bermud adalarının Rusiyanın ən böyük xarici investorları olması nağılına heç vaxt inanmayıb. Çox vaxt belə ehtimal edilir ki, bu adaların payına düşən, hesabatlarda qeyd edilən investisiyalar ölkədə mülkiyyət müdafiəsi çatışmazlığından narahatlıq keçirən rusiyalı biznesmenlərdən daxil olur. Həqiqətən, UNCTAD aşkar edib ki, 2017-ci ilə olan məlumata əsasən, Rusiyaya daxil olan birbaşa xarici investisiyaların 6,5%-i, təxminən 28,7 milyard dollar rus mənşəli olub”, - ekspert qeyd edir.

“Bu arada xarici kapital kimi qeydiyyatdan keçən, əslində isə belə olmayan vəsaitin repatriasiyası Rusiya üçün mühüm siyasi tapşırıq olaraq qalır. UNCTAD-ın məlumatına görə, ABŞ da Çinin böyük xarici investorudur (birbaşa xarici investisiya həcminin 9,7%-i). Halbuki Çin daim Asiya qonşularından böyük investisiya axını barədə məlumat verir. Rəsmi hesabata görə, Çinə birbaşa xarici investisiyaların cəmi 3%-i ABŞ-ın payına düşür”, - jurnalist yazır.

“Şübhəsiz, Kasellanın təkmilləşdirilmiş və nisbətən dəqiq metodu bizi faktiki məlumatlarla deyil, yalnız qiymətləndirmə ilə təmin edir. Daha çox ölkə vasitəçiləri qeyd etmək əvəzinə, yekun investorlar haqqında məlumat versə, bu, daha faydalı olar. Bizi bu hesabatlarla təmin edən ölkələr arasındakı faktiki iqtisadi münasibətlərin daha dərin öyrənilməsi buna sübut ola bilər. Bu cür hesabatlılıq hansı ölkələrin vasitəçi qismində konkret hansı ölkələrdən istifadə etdiyini asanlıqla müəyyənləşdirməyə imkan yaradar. Bu informasiya ikitərəfli vergi və hüquqi rejimlərin tənzimlənməsində yararlı ola bilər. Bu zaman nəinki vergidən yayınma hallarını azaltmaq, eyni zamanda tənzimləyici mühitin investorlar üçün hansı xüsusiyyətlərinin əhəmiyyətli olduğunu müəyyənləşdirmək mümkün olar. “Böyük iyirmilik” liderləri qloballaşmanı böyük şəffaflıqla təmin etmək kimi daha vacib tapşırığı müzakirə edərkən bunu nəzərə almalıdır”, - məqalənin sonunda deyilir.

Mənbə: www.xpressa.net