UNEC-də bank işi fənninin tədrisi beynəlxalq standartlara uyğunlaşdırılır

UNEC-də bank işi fənninin tədrisi beynəlxalq standartlara uyğunlaşdırılır

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bank işi fənninin tədrisinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində və beynəlxalq standartlara uyğunlaşdırılmasında tədris proqramlarının əhəmiyyətini vurğulayıb. UNEC-də bu istiqamətdə aparılan işlərdən söz açan Əvəz Ələkbərov tədris proqramlarının mütəmadi olaraq təkmilləşdirilərək, dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırıldığını bildirib.

Sonra kafedranın professoru Elnur Sadıqov bank işi fənni üzrə tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasının monitorinqinin nəticələrini açıqlayıb, fənnin tədrisini digər ölkələr üzrə müqayisəli təhlil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları və karyera inkişafı idarəsinin rəisi Anar Mirzəyev, “Kapital Bank”ın nümayəndəsi Fidan Hüseynova və dosent Eldar Azadov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Mənbə: azertag.az