Avropadan turist axınını artırmaq üçün nə etməliyik - RƏYLƏR

Avropadan turist axınını artırmaq üçün nə etməliyik - RƏYLƏR

Bu il Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunub. Belə ki, yanvar-sentyabr aylarında sözügedən ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər təşkil edib.

“Report” bu artımın növbəti illərdə də davam etdirilməsi üçün atılması lazım olan addımlar barədə xarici ölkələrdən olan rəsmi şəxslərin fikirlərini öyrənib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bu istiqamətdə mövcud olan problemləri sadalayıb: “Doğrudur, Azərbaycana gələn Avropalı turistlərin ümumi sayı artdıb, ancaq digər istiqamətlərlə, həmçinin Azərbaycanın qonşu dövlətləri ilə müqayisədə mütləq say nisbətən aşağı olaraq qalır.

Avropa bazarı təxminən 500 milyon insandır, nisbətən yaxın olan Bakıya Avropanın əksər şəhərlərindən 5 saata uçmaq mümkündür. Azərbaycanda nəqliyyat infrastrukturu, həmçinin mükafat qazanmış Heydər Əliyev Beynəlxalq Hava Limanı çox yaxşı vəziyyətdədir. Ondan başqa əsas şəhərlərdə onlayn sifariş imkanı ilə rahat yaşayış yerləri mövcuddur. Bakıda və onun ətrafında, həmçinin Şəkidə UNESCO-nun Dünya İrsi siyahısına daxil olan obyektlər [Qız Qalası ilə birlikdə Bakının bir hissəsi (İçərişəhər), qayaüstü rəsmlərlə birlikdə Qobustan arxeoloji qoruğu və Xan Sarayı] yerləşir. Beləliklə, Avropa bazarından turist axını və bunun nəticəndə Azərbaycanın gəlirlərinin artması üçün çox böyük potensial var. Ancaq bunun üçün bir sıra maneələr də var.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankausk

"Rəqibləriniz vizasız giriş təklif edirsə, müqayisəli üstünlüyə malikdirlər".

Məsələn, vizalardan başlayaq. Avropalı turistlərin sayının ən böyük artımı (təxminən 20%) ASAN Viza sisteminin tətbiqindən sonra baş verib. Aydındır ki, mövcud viza rejimi, sadələşdirilmiş olsa belə, bir yük və maneə olaraq qalır. MDB ölkələri arasında yalnız Tacikistan, Türkmənistan və Azərbaycan Avropa İttifaqı vətəndaşlarından viza tələb edir. Turizm çox rəqabətli bir sahədir və yalnız inkişaf etdirmək yetərli deyil: rəqiblərinizdən daha cəlbedici olmalısınız. Rəqibləriniz vizasız giriş təklif edirsə, müqayisəli üstünlüyə malikdirlər. Və bu yalnız vizalara aiddir.

Biz Azərbaycan Dövlət Turizm Agentliyi ilə Avropadan gələn turistlərin sayının artırılmasının və Azərbaycanda ən yaxşı şəraitin təmin edilməsinin müxtəlif yollarını müzakirə edərək yaxından işləyirik. Bir çox əməkdaşlıq layihələrinə başladıq, o cümlədən turizm, habelə bölgələrin və inkişaf planlarının daha yaxşı təqdim olunması üçün şəraitin yaxşılaşdırılmasının müxtəlif yolları, kiçik və orta biznesə (KOB) dəstək, mehmanxana biznesi və s.".

Səfirin sözlərinə görə, Bakıda olan Avropa İttifaqına üzv ölkələrinin səfirlikləri birbaşa turizm agentlikləri arasında əlaqələri asanlaşdırmaq üçün işlərini davam etdirir.

"Vizalardan əlavə, icazə verin daha üç aspekti qeyd edim. Bunlardan biri hava nəqliyatıdır. 2013-cü ildən etibarən Avropa İttifaqı və Azərbaycan arasında Aviasiya Sazişi ilə bağlı danışıqlar aparılır. Danışıqlar başa çatmaq üzrədir. Bu Saziş, imzalanıb həyata keçirilərsə, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələri daha da yaxşılaşdırardı: daha ucuz biletlər, daha çox istiqamət, daha çox birbaşa uçuşlar, daha yaxşı əlaqə yaradacaq. Bu, Avropadan gələn turistlərinin sayını artırmaq və eyni zamanda Azərbaycan xalqına daha yaxşı uçuş şəraitini təmin etməkdə əsas vasitə olardı. Qonşu, rəqabət aparan ölkələrlə müqayisədə Bakıdan birbaşa uçuşlar həyata keçirilən Avropa şəhərlərinin sayı olduqca azdır. Daha çox uçuşlar, daha çox seçim, daha çox rəqabət, aşağı qiymətlər təmin edilməlidir. Aydın məsələdir ki, səyahət təyinatı seçərkən əsas meyarlardan biri də biletin qiyməti və birbaşa uçuşların olmasıdır.

Avropalı turistin profili kiçik otellərə, ailəli restoranlara, orijinal yeməklərə və unikal səyahət təcrübəsinə daha çox uyğundur. Finlandiyalı turist öz ölkəsindəki kimi yaşamaq üçün Azərbaycana gəlməyəcək, ona daha çox ekzotik səyahət təcrübəsi maraqlı olacaq. Yerli məhsullardan hazırlanmış səhər yeməyi onun üçün otağında plazma televizorunun olmasından daha vacibdir.

Hətta mükəmməl qabaqcıl infrastrukturunuz olsa belə onu idarə edənlər təlimli olmalıdırlar, əks halda onun faydaları məhdud ola bilər. Mehmanxana idarəçiliyində İngilis dilli heyətin olmaması və ya mehmanxana xidmətlərində lazımi təhsil olmaması da diqqət mərkəzində olmalıdır”, - deyə Kestutis Yankauskas vurğuladı.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə avropalı turistləri cəlb etməyin daha yaxşı yolunun idman yarışları və ekoturizmin inkişaf etdiriliməsi olduğunu qeyd edib: “Turizm dünyada həqiqətən vacib və inkişaf edən sahədir. Hər il Britaniyaya 40 milyona yaxın insan gəlir, London hava limanları şəbəkəsi isə dünyanın ən yüklənmiş şəbəkəsidir. Buna görə turizm sferası çox vacibdir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp

"Fərqli ölkələrdən olan insanlar Azərbaycana gəlməyə çox maraq göstərirlər".

Bir çox üstünlükləriniz var. Azərbaycan mədəniyyət qovşağındadır - ölkə coğrafi baxımdan Avropada yerləşsə də, Yaxın Şərqin, Asiyanın dadı duyulur. Buna görə də fərqli ölkələrdən olan insanlar Azərbaycana gəlməyə çox maraq göstərirlər. Həmçinin gözəl təbiətiniz - fantastik dağlar, dağ kəndləriniz var. Qonaqpərvərliyiniz çox təsiredicidir.

Hər bir ölkənin öz turizm strategiyası var. Sizdə Körfəz ölkələrindən, Rusiyadan və İrandan çox sayda turist olur. Ancaq sualınız Azərbaycanın Böyük Britaniyadan və Qərbi Avropadan necə daha çox turist cəlb edə biləcəyi ilə bağlıdırsa, cavab verərdim ki, "Formula-1" yarışı kimi böyük tədbirlər keçirməklə artıq bunu etməyə başlamısınız. İnsanlar bura gəlir, bir neçə gün keçirir və ölkəni daha yaxından tanıyırlar. Haqqında danışdığım insanların bəziləri bunu ediblər və həqiqətən təsirləniblər, Azərbaycana səfərləri çox xoşlarına gəlib.

Digər ideya ekoturizmin inkişafı ola bilər. Bu yaxınlarda azərbaycanlı tələbəyə Britaniyaya səfər etmək və bu sahədə magistr dərəcəsi almaq üçün daha bir "Chevening" təqaüdü təqdim etdik. Turizmdə belə ixtisaslaşma çox dəyərli ola bilər. Daha çox insanın gələ bilməsi üçün Avropaya daha çox reyslər açmaq da çox faydalı olardı. Ancaq təbii ki, hökumət öz strategiyasını müəyyənləşdirməlidir. Biz bu sahədə kömək edirik: Britaniya Şurası mehmanxana sektorunda müvafiq peşəkar hazırlıq təmin edib. Həmçinin noyabrın əvvəlində Londonda keçiriləcək "World Travel Market"də Azərbaycandan geniş nümayəndə heyəti də iştirak edəcək”.

Mənbə: report.az