Azərbaycanda maye qazdan sonra dizel yanacağının da qiyməti artır – AÇIQLAMA

Azərbaycanda maye qazdan sonra dizel yanacağının da qiyməti artır – AÇIQLAMA

Natiq Cəfərli: “Səmt qazının pulsuz olduğunu nəzərə alsaq , Azərbaycanda həm əhaliyə verilən normal, həm də avtomobillərə vurulan sıxılmış qaz çox ucuz olmalıdır”

Azərbaycanda maye qazın qiyməti artıb. Bu barədə SOCAR-dan məlumat verilib.  Belə ki, maye qazın satış qiyməti 0,45 manatdan, 0,65 manata qaldırılıb.  Bu artım sürücülərin ciddi narahatlığı və narazılığı ilə qarşılanıb.

Bəs, görəsən, maye qazın qiymətinin artımına zərurət var idimi?  Ümumiyyətlə, qiymət artımı hansı problemlərə gətirib çıxara bilər?

KONKRET.az mövzunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib.  İqtisadçı bildirib ki, əslində maye qazın qiymətinin artımı gözlənilən idi: “Çünki son 3 aya yaxındır ki, maye qazla bağlı ölkədə kifayət qədər problemlər mövcuddur. Satışların həcmi azalıb, yanacaqdoldurma məntəqələrində maye qaz qıtlığı müşahidə olunur.  Sanki qiymət artımı üçün hazırlıq prosesi həyata keçirilirdi. Yeri gəlmişkən növbəti addım kimi dizel yanacağının qiymətinin bu ilin sonuna kimi artması gözlənilir”.

Natiq Cəfərli əlavə edib ki, maye qazın qiymətinin artımına heç bir lüzum yox idi: “Azərbaycanda yanacağın digər növlərinin qiymətini qaldırarkən dünya bazarı, eləcə də qonşu ölkələrdəki benzin və dizel yanacağının qiyməti ilə əsaslandırırlar. Yəni daşımalarda dizel yanacağından istifadə olunduğu üçün, onun qiymətinin baha olması əsas gətirilirdi. Amma maye qazın bu problemi də yoxdur. Maksimum avtomobildə olan depoların yanacaqdoldurma stansiyalarında doldurulması  həyata keçirilir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın özünün 11 milyard kub metr illik qaz tələbatı var: “Bunun təxminən 25 faizdən çoxunu BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ölkəmizə (Azəri-Çıraq-Günəşli yatağından çıxan səmt qazını) pulsuz verir. Yəni Azərbaycanın istehsal etdiyi qazın təxminən 25 faizi ölkəmizə  pulsuz verilir. Odur Ki, burada problemin SOCAR-da olduğunu görürük. Min kub metr qazın hasilatının maya dəyəri nədənsə 156 manat göstərilir. Maya dəyərinin bu qədər şişirdilməsi ilə bağlı SOCAR heç bir açıqlama vermir”.

İqtisadçı əlavə edib ki, hasilatın maya dəyəri artdığından, maye qazının qiymətinin  bahalaşmasının labüd olduğunu deyirlər. Lakin bunun üçün heç bir iqtisadi əsas yoxdur: “Maya dəyərinin və xərcləmələrin şişirdilməsinin nəticəsidir ki, buraxılan səhvlər və qeyri-effektiv idarəetmənin bədəli sadə vətəndaşların çiyinlərinə yüklənir. Elə bu səbəbdən də qiymətləri artırırlar. Səmt qazının pulsuz olduğunu nəzərə alsaq , Azərbaycanda həm əhaliyə verilən normal, həm də avtomobillərə vurulan sıxılmış qaz çox ucuz olmalıdır”.

Ekspert əlavə edib ki, maye qazın qiymət artımının nəticəsi olaraq, ictimai nəqliyyatda qiymətlərin bahalaşması zəruri hal alır. Çünki sərnişindaşımada istifadə edilən avtobusların bir çoxunda maye qazdan istifadə olunur.

Müşfiq Tofiqoğlu

Mənbə: konkret.az