Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib

Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib

Daşkənd, 15 noyabr, АZƏRTAC

Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi ilə birgə 18-ci Nazirlər Konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Konfransında CAREC Proqramını birləşdirən ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Əfqanıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Türkmənistanın iqtisadiyyat və maliyyə nazirləri və ya müavinləri, xarici işlər nazirliklərinin nümayəndələri iştirak ediblər. Konfransa, həmçinin Avropa Şurası, Beynəlxalq Valyuta Fondu, Dünya Gömrük Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələri də qatılıblar.

Nazirlər Konfransında ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciəti oxunub.

Özbəkistan Baş nazirinin müavini Elyor Qəniyev konfrans iştirakçılarını salamlayıb, CAREC Proqramı çərçivəsində görülən işlər haqqında məlumat verib, perspektiv planlardan danışıb.

Nazirlər Konfransında CAREC çərçivəsində birgə energetika bazarının yaradılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələləri diqqət mərkəzində olub. “Yeni nəqliyyat və energetika strategiyası və CAREC 2030” layihəsinin həyata keçirilməsi” mövzusundakı əsas sessiyada dünya və regional miqyasda mühüm iqtisadi hadisələr və onların CAREC regionuna təsiri məsələləri müzakirə edilib. Dialoqlar zamanı dövlət-fərdi tərəfdaşlıq mexanizmləri vasitəsilə CAREC regionunda turizmin inkişafı məsələləri barədə də söhbət gedib. Nazirlərin Birgə Bəyanatında müzakirələrin nəticələri haqqında məlumat verilib.

Sahib Məmmədov konfransdakı çıxışında CAREC Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr haqqında danışıb. Nazir müavini iqtisadi və maliyyə sabitliyinin təmin olunması, ticarət, turizm, enerji və nəqliyyat infrastrukturları, kənd təsərrüfatı, su təchizatı, insan kapitalının inkişafı sahələrində layihələrin icrasının sürətləndirilməsi, yeni iqtisadi dəhlizlərin yaradılması, eləcə də mövcud dəhlizlərin təkmilləşdirilməsi üçün strategiyaların hazırlanmasına dəstək verilməsi istiqamətlərində ölkəmizdə görülən işlər haqqında məlumat verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az