Hər qış Bakını istiliksiz qoyan borc məsələsi niyə bitmir? – Ekspertdən ilginc şərh

Hər qış Bakını istiliksiz qoyan borc məsələsi niyə bitmir? – Ekspertdən ilginc şərh

İstilik mövsümü noyabrın 15-dən etibarən başlasa da, üzərindən bir neçə gün keçməsinə baxmayaraq hələ də Bakıda və regionda bir çox mənzillərə istilik verilmir

Səbəb isə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyevin də etiraf etdiyi kimi, bu qurumun “Azəriqaz”a olan borcudur. İ.Mirzəliyev bunun vətəndaşlara təsir etməyəcəyini desə də, bu durum istiliyin verilməsinə təsirsiz ötüşmədi.

Noyabrın 16-da “Azəriqaz” İB-dən açıqlama verildi ki, “Azəristiliktəchizat” ASC-dən “Azəriqaz” İstehsalat Birliyinə olan borc məsələsi həll olunmayana qədər qazın açılışına icazə verilməyəcək. Noyabrın 1-nə olan məlumata görə, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan artıq borcu var. Qurumdan isə deyilir ki, borc danışıqları bitməyincə, qazın verilməsindən söhbət gedə bilməz.

Nazirlər Kabinetinin qərarına görə isə, “Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Mətbuatda gedən müzakirələrin ardından məsələnin ciddiliyini nəzərə alan SOCAR rəhbərliyi, şəxsən Rövnəq Abdullayev əhalinin soyuqdan əziyyət çəkməməsi üçün dərhal tədbir görərək “Azəristiliktəchizat”a verilən təbii qazı təmin edib.

“Azəristiliktəchizat”ın mətbuat xidmətindən verilən məlumatda isə deyilir ki, istilik tarifləri maya dəyərindən aşağı olduğundan istilik haqları tam yığılsa belə, qazın borcunu tam ödəmək mümkün deyil.

Bəs görəsən, hər il yaşanan bu problem iki qurum arasında istilik mövsümü başlamadan nə üçün çözülmür? Bütün bu danışıqlar istilik təchizatının qiymətinin artırılması üçün bir anons ola bilərmi?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, bu monopolist dövlət qurumlarında ümumiyyətlə, idarəetmə problemləri var: “Türklərin belə bir sözü var ki, dövlət malı dənizdir, onu yeməyən donuzdur. Bu təşkilatlar da həmin prinsiplə işləyir. Həmin təşkilatlar “Dövlət satınalmaları haqqında” Qanuna əməl etmədən satınalmalar həyata keçirir. Xərcləmələri və büdcələri qeyri-şəffafdır. Onların internet saytlarında büdcələri haqqında heç bir məlumat yoxdur. Halbuki onlar dövlət təsisatlarıdır, şəffaf işləməlidir. Belə hallar yarananda da istehlakçı kimi bunun bizə heç bir aidiyyatı olmamalıdır”.

Ekspertin sözlərinə görə, “Azəristiliktəchizat”ın kimə nə qədər borcunun olmasının əhaliyə təsiri olmamalıdır: “ Ən önəmli məsələ isə odur ki, bu nüans niyə indi yada düşür. Nəinki bu iki təşkilat, bəs Nazirlər Kabineti haraya baxır? Dövlət şirkətlərinin bir-biri ilə olan münasibətləri, kimin kimə nə qədər borcunun olması Nazirlər Kabinetinin dövlət nəzarəti altında tənzimlənməlidir. Məndə dərhal şübhələr yaranır ki, bu təşkilatlar onlara ayrılan pulları haradasa dövriyyəyə buraxır, ona görə də vaxtında ödəniş etmirlər. Ona görə də bu qədər borc yaranır.

Söhbət 29 milyon borcdan gedir. Bu vəsaiti sadəcə, bir neçə ay üçün hansısa banka qoysalar, görün nə qədər vəsait edir. Hələ başqa istifadə yolları da var. Məndə şübhə yaranır ki, pullu vaxtında vermirlərsə haradasa fırladırlar, gəlir əldə edirlər. Ona görə də məhkəmədə iddia qaldırmaq olar ki, niyə borclar vaxtında ödənilmir və abonentlər vaxtında istiliklə təmin olunmur? Abonent borcunu gecikdirəndə gəlib xətti bağlayırlar. Qurum xidməti yerinə yetirmədikdə isə abonent ona qarşı heç bir addım atmır. Bu qanunvericiliyimizdəki boşluqdur ki, kommunal xidmət göstərən qurumlar inhisarçı kimi dövlətə aiddir. Məsələlər bu səviyyədə də həll olunmalıdır. Onların bir-birinə ödənişini heç onların özünə etmək lazım deyil. Büdcədən vəsait birbaşa aidiyyəti üzrə ödənilməlidir”.

Ə.Həsənov vurğuladı ki, kommunal sektorda özəlləşdirmə prosesi gedərsə, bunun əsas üstünlüyü o olacaq ki, özəl şirkət istehlakçıdan daha çox qorxacaq: “Əgər özəl şirkətin xidmətində problem yaranarsa, onu dərhal vətəndaş məhkəməyə verəcək. Həmçinin “Azəriqaz”a borcunu vaxtında ödəyəcək. Biləcək ki, ödəniş gecikərsə cərimə olunacaq. Hazırda bu sektordakı qurumlar dövlət sektoruna aid olduğu üçün bir-biri ilə anlaşırlar. “Azəriqaz” niyə vaxtında iddia qaldırmır, niyə cərimə eləmir, mövsüm başlayana qədər hər iki tərəf susur. Hamı bir-birini gözəl başa düşür. Özəl sektor olarsa, burada rəqabət də olacaq. Biri işin öhdəsindən gələ bilmirsə, başqası ilə müqavilə bağlanacaq. İndiki dövrdə özəlləşməyə keçmək çətin olacaq. Bu bir neçə ilin işi deyil. Hələlik isə əsas çıxış yolu odur ki, bu qurumların qarşılıqlı ödənişlərini Nazirlər Kabineti həyata keçirsin”.

İstiliyin maya dəyərindən aşağı qiymətə satılmasına gəlincə, Ə.Həsənov diqqətə çatdırdı ki, bu məsələ dövlət tərəfindən nəzərə alınır və büdcədən həmin vəsait təşkilata verilir: “Ola bilər ki, bu artım üçün bir bəhanədir. Bizdə bəzi dövlət təşkilatları var ki, ziyanla işlədiklərini açıqlayırlar. Ancaq bu məsələ araşdırılmalıdır ki, həqiqətənmi belədir? Bəlkə əslində bu sadəcə həmin sahədə baş verən oğurluq və yeyintidən irəli gələn ziyandır. Bu sahədə şəffaflıq yoxdur deyə, biz bilmirik ki, onlar əldə etdikləri pulu haraya və necə sərf edirlər, xərcləri nədir… e-tender.az saytı var ki, burada bütün tenderlər öz əksini tapmalıdır. Ancaq baxın görək hansı dövlət qurumları keçirdikləri tenderləri orada açıqlayırlar. 3 milyon dollar qədər olan satınalmalar açıq tenderlə keçirilməlidir və elektron qaydada hər bir mərhələsi qeydə alınmalıdır. Ancaq bu dövlət qurumlarına sərf etmir, belə olan halda yeyintiyə yol verə bilmirlər. Bu məsələ araşdırılmalıdır. Bir məqam da nəzərə alınmalıdır ki, maya dəyərindan aşağı satış olan hallarda da dövlət həmin məbləği büdcədən ayırır”.

pia.az

Mənbə: pia.az