Azərbaycanın qocaman bankı imicini dəyişdi - FOTO

Azərbaycanın qocaman bankı imicini dəyişdi - FOTO

Azərbaycanın müstəqillik dövründə yaranan ilk banklardan biri olan “Rabitəbank” imicini dəyişib.

“Marja”nın məlumatına görə, 19 Noyabr 2019-cu il tarixində “Boulevard Hotel Baku”da Bankın yeni korporativ üslubunun təqdimatı baş tutub.

Çoxdandır “Rabitəbank” adından imtina ediləcəyi gözlənilsə də, “uzun müddət ərzində toplanmış müsbət reputasiya” və “iki böhrandan başıuca çıxan bankın müştərilər arasında etibarlı bank kimi tanınması” kimi amillər nəzərə alınaraq mövcud adın qorunub saxlanılması qərarlaşdırılıb, rebrendinq yerinə restaylinq həyata keçirilib. Bankın rəhbərliyi həyata keçirilən imic dəyişikliyini rebrendinqə bərabər sayır, buna səbəb olaraq loqonun tamamilə yenidən işlənməsini göstərir.

“MÜŞTƏRİLƏRİN GÖZLƏNTİLƏRİ DƏYİŞDİYİNDƏN BİZ DƏ DƏYİŞİRİK”

Təqdimat mərasimində “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov bildirdi ki, müştərilərin gözləntiləri dəyişdiyindən və zamanla ayaqlaşmaq üçün Bankın korporativ üslubu dəyişdirilib:

“Biz “Rabitəbank” olaraq daima müştərilərin gözləntilərini qarşılamağa, onları məmnun etməyə çalışmışıq. 1993-cü ildə cəmi 7 nəfərlə fəaliyyətə başlayan “Rabitəbank” üçün müştəri xidmətləri çox önəmli idi. Bu gün 800 nəfər işçisi olan, ölkənin 16 regionunda 25 filialı ilə fəaliyyət göstərən “Rabitəbank” üçün bu prioritetlər dəyişməyib, müştəri xidməti bizim üçün əsas dəyər olaraq qalır. Hər bir “Rabitəbank”lı başa düşür ki, bizim uğurumuzun başlaca səbəbi yüksək müştəri xidmətləridir. Zaman keçdikcə müştərilərin bankdan gözləntiləri də dəyişir. Bugünkü müştəri, rahat yerdə yerləşən filiallar və gülümsəyən əməkdaşlar ilə yanaşı bankdan çox fərqli həllər, yüksək sürət və fərqli məhsullar gözləyir. Bunları nəzərə alaraq biz dəyişmək, zamanla ayaqlaşmaq qərarına gəldik. Həm görünüşümüzdə, həm də bir sıra məhsullarımızda dəyişikliklər etdik. Rəngimizi dəyişdik, loqomuzu isə müasir bir rabitə simvolu olan bir loqoya dəyişdik. Beləliklə, qarşılayın, Bankımızın yeni rəngləri və yeni loqosu”.

Elçin Qədimov əlavə etdi ki, “Rabitəbank” yaşıl rənglərə keçid edərək rebrendinq etmişdir. Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo, dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışlarını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla bərabər, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır.

Bankların istifadə etdikləri rənglər və insanlar tərəfindən rənglərin qəbul edilməsi araşdırılaraq yaşıl rəngindən istifadəyə qərar verilib.

YENİ ŞÜAR DA TƏQDİM EDİLDİ

Bankın İdarə Heyətinin sədri bildirdi ki, “Rabitəbank” yaşıla keçidlə yanaşı yeni şüardan (sloqan) da istifadəyə başlayır: “Rahat bankçılıq”.

“Yeni “Rahat bankçılıq” şüarı - Bankı rəqəmsal sahədə müştərilərə sürətli və səlis naviqasiya imkanları ilə bank xidmətlərindən istifadə imkanlarını, fiziki məkanlarda isə Bankın filial və şöbələrində peşəkar əməkdaşlar tərəfindən komfortlu məkanda xidmətlərin təqdim edilməsini nəzərədə tutur”.

Həmçinin, Bank yeni rəngləri və loqosu ilə yanaşı, rəqəmsal xidmət kanalları olan mobil əlavəsini, “RabitəBot Telegram” və “Facebook” çatbotlarını, İnternet bankçılıq xidmətlərini yeniləyib.

 

3 PRİNSİPİN ƏSAS GÖTÜRÜLDÜYÜ YENİ KONSEPT

“Rabitəbank”ın Müştəri xidmətləri üzrə meneceri Aynur Mahmudova Bankın yeni dizayn konseptini təqdim etdi:

“Biz filialların yeni konseptində 3 prinsipi əsas götürmüşük - müştəri rahatlığı, əməkdaşlar üçün rahatlıq və bizim yeni korporativ kimliyimizi tanıtmaq. Düşünürük ki, bu bizdə alınıb”.

Aynur Mahmudova bildirdi ki, mərhələli şəkildə Bankın fiziki xidmət məkanları yeni dizaynda təqdim ediləcəkdir. Yeni dizaynla hazırlanmış konsept filial artıq Bakı şəhəri Şəmsi Bədəlbəyli və Bülbül küçələrinin kəsişməsində, 24/7 formatda fəaliyyət göstərir.

“AZƏRBAYCANDA BELƏ BİR KART YOXDUR”

Bankın İdarə Heyəti Sədrinin müavini Orhan Gültekin yeni məhsulları təqdim etdi. O bildirdi ki, müştərilərə həm debet, həm də kredit versiyaları olan “Kartmane” məhsulu təqdim edilir:

“Sizə yeni kartımızı təqdim edirik: “Kartmane”. Bu unikal kartdır, Azərbaycanda belə bir kart yoxdur. Çünki “Kartmane” debet kartı həm kart, həm də depozit məhsulunun üstünlüklərini özündə birləşdirir. “Kartmane” ilə xərclədikcə 10 faizədək “cashback” qazanacaqsınız”.

Orhan Gültekin qeyd etdi ki, “Kartmane”nin ən önəmli üstünlüklərindən biri ölkədə və dünyanın istənilən nöqtəsində bütün yanacaq doldurma məntəqələrində (YDM) 10% “cashback” (xərclənən vəsaitin 10%-nin geri qaytarılması) qazandırmasıdır.

Digər üstünlüklər aşağıdakılardır:

- Ölkədə və dünyanın istənilən nöqtəsində bütün kafe və restoranlarda 5% “cashback”,

- “Rabitəbank”ın partnyor şəbəkəsinə daxil olan yüzlərə mağazalarda “cashback”,

- Kartda debet qalığına 6% gəlir,

-Kart qalığını məhdudiyyətsiz və cəriməsiz istənilən vaxt artırıb-azaltmaq imkanı,

-Manat kartı ilə xaricdə istənilən valyutada ödəniş edən zaman 0% konvertasiya komissiyası,

-Hava limanlarında biznes “lounge”lara pulsuz giriş,

-Kartla birlikdə əldə oluna biləcək “PayPass” stikerlə təmassız ödəniş imkanı.

 

Yuxarıdakılardan əlavə “Kartmane” kredit kartının aşağıdakı üstünlükləri mövcuddur:

-“Rabitəbank”ın bütün ATM-lərində 0%-lə nağdlaşdırma

-Xaricdəki istənilən ATM-də müəyyən məbləğdə 0% nağdlaşdırma,

YAYDA ALIRSAN, PAYIZDA ÖDƏYİRSƏN - 100 GÜN GÜZƏŞT MÜDDƏTİ

Orhan Gültekin çıxışına davam edərək bildirdi ki, “Kartmane” kredit kartının təqdim etdiyi güzəşt müddəti ölkədəki heç bir bankın kredit kartında yoxdur: “Bizim “Kartmane” kredit kartımızda 1 ay deyil, 2 ay deyil, 3 ay deyil, düz 100 gün güzəşt müddəti var. Yayda alırsan payızda ödəyirsən. Yəni, “Kartmane” kredit kartı ilə ödəniş edib kredit məbləğindən 100 gün faizsiz istifadə etmək olar”.

“Kartmane” kartı Bankın yeni rəngi olan yaşıl və premium versiyası isə qara rəngdə təqdim ediləcəkdir. Bu kartlar Dekabrın 1-dən etibarən satışa çıxarılacaqdır.

PUL GÖNDƏR, PUL İSTƏ

Növbəti çıxış üçün səhnəyə “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev dəvət edildi. Ziya Nuriyev Bankın yenilənən rəqəmsal platformaları haqqında məlumat verdi.

“Rabitəbank” yeni mobil tətbiqini, maliyyə tranzaksiyasını həyata keçirən “RabitaBaot”u, hüquqi şəxslər üçün İnternet bankinqi və yenilənmiş korporativ veb-saytını müştərilərin istifadəsinə təqdim edir.

“Rabitabank Mobile” mobil tətbiqi xoş dizaynla yanaşı, istifadəsində rahatlığın təmin olunması üçün intuitiv menyu tərtib edərək, çox önəmli funksionallıqları ilə müştərilərini sevindirir. Mobil tətbiqə banklara daha çox daxil olan unudulmuş PİN kod sorğusunun anında həlli üçün imkanlar əlavə edilmiş və PİN kod ayarlarının idarə olunması, yadda saxlanılması, kart hesablarının idarə olunması və digər seçimlər də yer alır.

Təqdim olunan “RabitaBot” rəqəmsal xidməti ilə müştərilər pul göndərə bilər, pul istəyə bilər, hesabı bölə bilər, kredit və yaxud kart sifariş edə bilər, kommunal və mobil ödənişlər ilə yanaşı cərimələri ödəyə bilər.Həmçinin, müştəri dostu ilə danışıq pəncərəsindən ayrılmadan, heç bir kart nömrəsi daxil etmədən, sadəcə @Rabitabank Bokt yazıb, göndərmək istədiyi məbləği daxil edərək saniyələr ərzində qarşı tərəfə pul göndərə bilər. Bununla yanaşı, dünyada ilk dəfə, məhz bu platforma üzərindən MasterCard konsyerj imkanı da təqdim edilir. Bu imkanla, müştərilərin sorğularını cavablandıran və təkliflər verən şəxsi köməkçiləri ilə “RabitaBot” üzərindən əlaqə qura biləcəklər.

“Rabitəbank”ın yeni İnternet Bankinq xidməti ilə hüquqi şəxslər işçilərin əmək haqqının verilməsi, valyuta sifarişi və ödənişlərin avtomatik yadda saxlanılması kimi funksiyalardan faydalana biləcəklər”, - Ziya Nuriyev bildirdi.

 

YALNIZ GÖRÜNTÜ DƏYŞMİR, XİDMƏTİN KEYFİYYƏTİ DƏ ARTIRILIR

Təqdimatdan sonra keçirilən mətbuat konfransında bildirildi ki, xidmət səviyyəsinin artırılması da diqqət mərkəzindədir. Rəngin və şuarın dəyişdirilməsi ilə bərabər müştərilər ilə birbaşa ünsiyyətdə olan işçilərin müştərilər ilə davranışlarının təkmilləşdirilməsi, sənədləşmələrin azaldılması, gözləmələrin minimuma endirilmsi üçün işlər görülür və görülməkdə davam edir. Məqsəd, əməkdaşların “Rahat bankçılıq” şüarının tələblərini əsas götürərək xidmət göstərmələridir.

Qeyd edək ki, “Rabitəbank” ASC 30 iyun 1993-cü ildən fəaliyyət göstərir.

“Rabitəbank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 7 milyon 621 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur. Cari ilin yanvar - sentyabr dövründə “Rabitəbank”ın cəmi gəlirləri 38 milyon 159 min manat təşkil edib. 30 Sentyabr 2019-cu il tarixində Bankın aktivləri 653 milyon 732 min manat, o cümlədən kredit portfeli 365 milyon 488 min manat təşkil edib.

Qeyd edək ki, "Rabitəbank" 101 milyon 300 min manat nizamnamə kapitalına malikdir. Nizamnamə kapitalının 40,60%-i Rauf Əliyevə, 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 7,60%-I Seyran Nuriyevə, 1,07%-i Aslan Xasiyevə və 0,14%-i 12 hüquqi şəxsə məxsusdur.

Mənbə: marja.az