Azərbaycanda yerli geyimlər istehsalı sürətlə tənəzzülə gedir…

Azərbaycanda yerli geyimlər istehsalı sürətlə tənəzzülə gedir…

Ölkədə illərdir kiçik sexlərdə, moda evlərində, eləcə də fabriklərdə geyim istehsal edilir. Lakin hələ də öz brendimizi yarada bilməmişik. Düzdür, bəzi moda evləri məhsullarını brendləşdirməyi müəyyən qədər bacarıb. Ancaq bu geyimlər də böyük kütləyə deyil, dar çərçivəyə hesablandığından, bazarda çox deyil.

Onu da qeyd edək ki, yerli sexlərdə, fabriklərdə tikilən geyimlər bazara "Made in Azerbaijan" etiketi ilə deyil, başqa ölkələrin istehsalı kimi çıxarılır. Səbəb kimi də Azərbaycan istehlakçısının məhsul seçimində brend amilinə daha çox önəm verməsi, bir zamanlar ölkədə fəaliyyət göstərən fabriklərin keyfiyyətsiz məhsullarının psixoloji təsirindən çıxmaması göstərilir. Qısası, vətəndaşımızın yerli malın keyfiyyətinə etibarı yoxdur. Ona görə də sahibkar tərəfindən aldadılır. Bazarın vəziyyətini daha yaxından araşdırmağa çalışdıq.

İlk əvvəl nəzərə çatdıraq ki, geyim istehsalının aid olduğu yüngül sənaye sektoru bir çox ölkənin büdcələrinin əsas gəlir mənbəyidir. Qlobal tekstil və geyim sənayesinin dövriyyəsi 3 trilyon dollar təşkil edir. Geyim sənayesi əsasən Asiya və digər üçüncü dünya ölkələrinin əlində cəmləşir. Geyim ixracı isə 10 ölkənin - Çin, Avropa İttifaqı, Hindistan, Türkiyə, Banqladeş, Vyetnam, ABŞ, Koreya, Pakistan, İndoneziyanın payına düşür. Onların ixracdan əldə etdiyi gəlirlər ildən-ilə artır.

Azərbaycanda isə bu sahədə vəziyyət fərqlidir. Belə ki, yerli istehsal olan geyimlər azalır, xaricdən idxal isə artır.

Yerli istehsal olan geyimlərə nə səbəbdən az maraq göstərildiyini, istehlakçıların xarici ölkə istehsalı olan libaslara nə üçün üstünlük verdiyini öyrənmək məqsədilə mütəxəssislərə müraciət etdik.

“Azərbaycan vətəndaşları böyük məbləğdə vəsaitləri geyimləri üçün sərf edirlər, nəticədə valyuta ölkədən xaricə gedir”

İqtisadçı Vüqar Bayramov bildirdi ki, Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. Biz xaricdən xüsusilə geyim və yüngül sənaye məhsullarını idxal edirik: “Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bunun üçün yeni istehsal sahələrinin yaradılmasına ehtiyac var. Xüsusilə geyim məhsulları hazırlayan istehsal sahələrinin və fabriklərin formalaşması lazımdır”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan vətəndaşları böyük məbləğdə vəsaitləri geyimləri üçün sərf edirlər. Nəticədə valyuta ölkədən xaricə gedir. Amma pambıqçılıqla bağlı emaledici sektorun inkişaf etdirilməsi həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerləri açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq: “Bu baxımdan, daha məqsədəuyğundur ki, pambıq yalnız xammal formasında deyil, eyni zamanda, daxildə yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də emal edilib məhsul formasında istifadə edilsin. Emal prosesinin bərpa olunması həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın minimumlaşdırılmasına səbəb olacaq”.

İqtisadçının sözlərinə görə, köhnə emal müəssisələrinin yenidən qurulması ilə yanaşı, sahibkarları stimullaşdırıb, yeni zavod-fabriklərin də açılmasına şərait yaratmaq olar: “Bu gün geyim məhsullarının istehsalı ilə məşğul olmaq istəyən kifayət qədər sahibkar var. Dövlət o sahibkarları stimullaşdırmalı, güzəştli kreditlər almalarına şərait yaratmalıdır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com