Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib

Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən suvarma mövsümünü mütəşəkkil keçirmək, əkin sahələrinin su təminatı və su itkisinin qarşısının alınması, müasir suvarma sistemlərinin quraşdırılması istiqamətində işlər oktyabr ayında da davam etdirilib.

Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qeyd olunan dövrdə su istifadəçilərinə 13 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma daxil olmaqla, 10 min 908 hektar torpaq sahəsi suvarılıb, 7 kilometr beton və torpaq kanal, 20 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib, 3 kilometr yeni suvarma xətti çəkilib.

Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Külüs kəndi ərazisindəki nasos stansiyasında, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğularda tikinti işləri davam etdirilib.

Ötən ay suvarma və içməli su mənbəyi kimi istifadə olunan kəhriz və subartezian quyularının təmir-bərpası da diqqətdə saxlanılıb, 5 kəhrizdə bərpa işləri, 70 subartezian quyusunda təmir işləri aparılıb.

Mənbə: azertag.az