Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Şabran, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 21-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyaları zamanı Şabran rayonunda 2 hektar ərazidə 1000 ədəd badam tingi əkilib. Salınan meyvə bağları rayonda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək, gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Rayonun Gəndob kəndi ərazisində keçirilən mərasimdə respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışılıb.

Bildirilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprelində başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz, Yevlax və Astara rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik, badam növlərindən olmaqla, ümumilikdə, 24 min 120 meyvə ağacı əkilib və 75 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Şabran rayonunda meyvə bağlarının salınması aksiyasında 200 nəfərdən çox yerli gənc könüllü iştirak edib. IDEA İctimai Birliyi aksiyada iştirak edən bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcək.

Mənbə: azertag.az