Mərkəzi Bankda təqaüdçülərə təlim keçirilib

Mərkəzi Bankda təqaüdçülərə təlim keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Maliyyə savadlılığı ayı” çərçivəsində “Üçüncü bahar” sosial layihəsinin iştirakçıları olan təqaüdçülər üçün iqtisadi və maliyyə maarifləndiriməsi istiqamətində təlimlər keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, təlim zamanı maarifləndirmə baxımından daha aktual olan “Məsuliyyətli borclanma” və “Ödəniş kartları” mövzularında iştirakçılara tövsiyələr, eləcə də ödəniş kartlarından istifadənin üstünlükləri və təhlükəsizlik tələbləri barədə məlumatlar verilib, onların sualları ətraflı cavablandırılıb. Bütövlükdə, keçirilmiş təlimlər əhalinin müxtəlif təbəqələrinin maliyyə bilik və bacarıqlarının artırılmasında mühüm rola malikdir.

Bu təlimlər “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, eləcə də “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası baxımından da xüsusilə aktualdır.

Mərkəzi Bank bu istiqamətdə müxtəlif hədəf qrupları üçün təlim və seminarları, habelə əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərini davam etdirəcək.

Mənbə: azertag.az