Bolqarıstanlı hərbi dənizçilər Dövlət Dəniz Akademiyasında olublar

Bolqarıstanlı hərbi dənizçilər Dövlət Dəniz Akademiyasında olublar

Bolqarıstanın Nikola Vaptsarov adına Ali Hərbi Dəniz Məktəbinin 2 əməkdaşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov və Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqovla görüşdə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaqlar bildiriblər ki, ADDA haqqında, diplomunun 170-dən çox dövlətdə tanınması, məzunlarının təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində karyera qurmaları, Akademiyanın maddi bazası, Təlim-Tədris Mərkəzi barədə bir sıra mənbələrdən məlumatlıdırlar. Qeyd ediblər ki, əməkdaşlıq sazişi imzalandıqdan sonra tələbə və müəllim heyətinin mübadiləsi baş tutacaq və hər iki təhsil müəssisəsi bundan yararlana biləcək.

Z.Şərifov qeyd edib ki, akademiya rəhbərliyi xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlıqda daim maraqlıdır. Qloballaşan dövrdə bu cür əməkdaşlığın inkişafı ölkələr arasında müvafiq sahələr üzrə iş birliyinin daha uğurla qurulmasına böyük töhfə verə bilər. ADDA-nın tədris prosesindən danışan Z.Şərifov, həmçinin akademiyada tələbələr üçün yaradılan şərait haqqında da söz açıb. Ödənişsiz geyim forması, gündəlik pulsuz yemək, ən güzəştli şərtlərlə yataqxana haqqında eşidən qonaqlar belə bir şəraitin hətta inkişaf etmiş ölkələrdə olmadığını etiraf ediblər.

Dəniz Akademiyasının auditoriya və laboratoriyaları, trenajor otaqları ilə yaxından tanış olan qonaqlar, keyfiyyətli təhsil sisteminin qurulması istiqamətində akademiya rəhbərliyinin atdığı addımlardan, yenidənqurma işlərindən razı qaldıqlarını deyiblər.

Mənbə: azertag.az