Vüqar Namazov: İtaliya ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri də aqroturizmdir

Vüqar Namazov: İtaliya ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri də aqroturizmdir

Bakıda “İtaliya mətbəxi həftəsi” çərçivəsində keçirilən “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə markası. İtaliya-Azərbaycan dialoqu” konfransının əsas məqsədi yerli fermerlərimizin və sahibkarlarımızın istehsal etdiyi məhsulların beynəlxalq arenaya təqdim edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin sədrinin müşaviri Vüqar Namazov deyib.

Azərbaycanın bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı məhsullarının ixracında maraqlı olduğunu vurğulayan V.Namazov bildirib ki, “Aqrar Tədarük və Təchizat” ASC də öz növbəsində ixraca daim dəstək olur, yerli məhsullarımızı sərgilərdə təşviq edir.

Onun sözlərinə görə, dünyada fındıq ixracatçıları sırasında mühüm yer tutan ölkəmizin bu məhsulu ixrac etdiyi ölkələrədən biri də məhz İtaliyadır. Qeyd edib ki, təmsil etdiyi qurum aqroturizmin inkişafı istiqamətində layihəyə başlayıb və artıq bir neçə aydır layihə uğurla davam edir: “Bizim üçün italyan təcrübəsi çox maraqlıdır. İtaliya ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri də aqroturizmdir. Biz Azərbaycanda bu sahənin inkişafı üzərində çalışırıq”.

Mənbə: azertag.az