Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri Yaponiyada ipəkçilik konqresində iştirak ediblər

Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri Yaponiyada ipəkçilik konqresində iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və qurumun elmi işçisi Zərintac Şükürova Yaponiyanın Tsukuba şəhərində keçirilən XXV beynəlxalq ipəkçilik konqresində iştirak ediblər.

AMEA-da AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə azərbaycanlı alimlər “Bombyx mori L” cinsinin fibroininin supromolekulyar quruluşuna və texniki xarakterlərinə selenin təsiri” və “Böyük tovuzgülü (Saturna pyri L) ipəkqurdunun bioloji göstəriciləri” mövzusunda elmi məruzə ilə çıxış ediblər.

Hər iki məruzə iştirakçıların böyük marağına səbəb olub, ŞREM əməkdaşlarının əldə etdikləri yeniliklər və nəticələr yüksək qiymətləndirilib.

Tədbirdə gələcəkdə Yaponiyanın alim və mütəxəssisləri ilə birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub, bu istiqamətdə müqavilənin imzalanması qərara alınıb.

Qeyd edək ki, əldə olunan nəticələr Azərbaycanda ipəkçiliyin innovativ üsul və vasitələrlə inkişaf etdirilməsinə, ipəkçilik məhsullarının tətbiqi perspektivlərinin genişləndirilməsinə imkanlar yaradacaq.

Mənbə: azertag.az