Bakı-Tiflis-Qars Rusiyanın məşhur “Transsibir” dəmir yolu ilə birləşdirilir...

Bakı-Tiflis-Qars Rusiyanın məşhur “Transsibir” dəmir yolu ilə birləşdirilir...

Rusiya və Azərbaycan arasında bu gün bütün mühüm istiqamətlər üzrə əlaqələrin dinamik şəkildə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verməkdədir. Ümumiyyətlə, proseslərin real səviyyəsi Rusiya üçün Azərbaycanın regionda ən əsas tərəfdaş olduğunu deməyə əsas verir. Artıq faktdır ki, Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra Moskva İrəvana əvvəlki kimi müttəfiq gözü ilə baxmır. Gürcüstanla da Rusiyanın münasibəti bəllidir. İndiki halda Kreml üçün regionda ən əlverişli tərəfdaş qismində məhz Azərbaycan çıxış edir.

Digər tərəfdən, Rusiya üçün Azərbaycanın iqtisadi potensilaı da xüsusilə cəlbedicidir. Bundan əlavə, birgə reallaşdırılan transmilli layihələr də prosesə təsirsiz ötüşmür. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da bildirir ki, postsovet məkanında sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanla Rusiyanın münasibətləri çox yüksək səviyyədədir.

O, “Moskva – Baku” portalına müsahibəsində qeyd edir: “Azərbaycan postsovet məkanının ən sürətli inkişaf edən ölkələrindən biridir. Makroiqtisadi sabitliyə nail olunub, yeni iş yerləri açılır. Bütün bunlar ölkədə həyata keçirilən islahatların nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni həqiqətlərinə, tələbatlarına uyğun islahatlar hazırlayıb həyata keçirməyi bacarıb”. Valentina Matviyenko həmin proseslərin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha da geniş imkanlar açdığını dilə gətirib və Bakıya son səfəri zamanı da sözügedən imkanlardan dolğun şəkildə yararlanmaq məsələlərinin müzakirə olunduğunu qeyd edib: “Ölkələrimizin hökumətləri, işgüzar dairələri tərəfindən daha çox fəallıq, təşəbbüskarlıq göstərilməyin vacibliyi barədə qənaətə gəlmişik. Fikrimcə, müasir texnologiyalar sahəsində əməkdaşlığı da ehtiva edən əlaqələr formatına üz tutmaq həm Rusiyanın, həm də Azərbaycanın marağındadır. Əlbəttə ki, qarşılıqlı sahibkarlıq, sərmayə mühitini də yaxşılaşdırmaq üçün bundan sonra da əzmlə çalışmaq lazım gəlir. İki ölkə arasındakı münasibətlər hazırda çox yüksək səviyyədədir. Hər iki ölkə əlaqələri genişləndirmək, əməkdaşlığın bütün sahələrində qarşılıqlı fəaliyyəti artırmaq üçün ardıcıl səylər göstərir: iqtisadiyyatda da, elmdə də, mədəniyyətdə də. Qarşıya çıxan problemlər də həll olunur. Onlar arasında tərəfdaşlığımıza xələl gətirə bilən məsələnin olmaması əsaslı əhəmiyyət kəsb edir. Bunun üçün ölkələrimizin prezidentləri - Vladimir Putinlə İlham Əliyev arasındakı mütəmadi təmaslara, dost ünsiyyətinə borcluyuq. Hazırkı mərhələdə Azərbaycanla Rusiyanın əməkdaşlığı sıçrayışla yox, ardıcıl şəkildə, tədricən, yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin, vətəndaşlarımızın köklü mənafeyinə uyğun gələn model yaradılıb”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev isə bildirir ki, Azərbaycanın iqtisadi imkanları Rusiyanın bu ölkə ilə əməkdaşlığını genişləndirməsində xüsusi rol oynayır. O, indiki halda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərəflərə əməkdaşlıqda yeni mühüm imkanlar yaratdığını da vurğulayır: "Azərbaycanın ərazisindən dəhlizin Rusiya və İranı birləşdirən dəmir yolu hissəsi keçir. Bundan daha vacib olanı isə odur ki, Azərbaycanın ərazisində faktiki olaraq "Şimal-Cənub" dəhlizinin və Türkiyə istiqamətində olan dəmir yolunun birləşməsi baş verir. Bu mənada, Azərbaycanın "Şimal-Cənub" layihəsindəki rolu çox əhəmiyyətlidir. İranla bağlı məlum məsələlər fonunda dəhlizlə bağlı qeyri müəyyənlik var. Lakin dəhlizlə əlaqədar ümumi durumdan asılı olmayaraq, Azərbaycanı Rusiya ilə birləşdirən dəmir yolunun modernizasiyası iki ölkə arasındakı ticarətə böyük impuls verəcək. Elə həm də həmin infrastrukturun inkişafı ilə əlaqədar olaraq ixrac imkanlarının artması nəticəsində son zamanlar Rusiya bazarında Azərbaycan malları xeyli çoxalıb. Azərbaycanın tranzit rolu əhəmiyyətli dərəcədə artacaq. Belə ki, "Rusiya Dəmir Yolları" ASC ilə artıq Bakı-Tiflis-Qars dəhlizindən istifadə ilə bağlı razılaşma var. İstənilən halda, İrandakı dəmir yolu tikilib qurtaracaq. Bu ilin yayından isə kifayət qədər yaxşı yüklənmə ilə Qazaxstanın Aktau limanından Bakıya mütəmadi konteyner reysi açılıb. Yəni Azərbaycan artıq nəqliyyat habına çevrilməkdədir". Ekspert Rusiyanın Bakı-Tiflis-Qarsa marağının artmasını hər iki ölkə üçün vacib sayır. Bildirir ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. Belə ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzilbaşına çatmasını təmin edəcək.

Bundan başqa, məlumdur ki, Rusiya Bakı-Tiflis-Qarsın "Transsibir" dəmir yolu xəttilə birləşdirilməsində indi olduqca maraqlıdır. Hesab edilir ki, bu, Avrasiya regionunda malların daşınması və tranziti baxımından çox vacib addımdır. Digər tərəfdən Bakı-Tiflis-Qars xətti Şərqdən Qərbə və əksinə malların tranziti baxımından "Transsibir" yolunun əhəmiyyətini xeyli artırır. Rusiya Dəmir Yolları İdarəsinin baş direktoru Oleq Belozyorov "Transsibir" dəmir yolu xəttilə Çindən Azərbaycana konteyner tranziti üzrə müntəzəm sistemin yaradılmasını, eləcə də Bakıda müvafiq distribütor mərkəzinin yaradılmasını vacib sayır. Xatırladaq ki, artıq Rusiya ilə Azərbaycan arasında Bakı-Tiflis-Qars dəmir yolunun infrastrukturundan istifadə edilərək, “Şimal-Cənub” dəhlizi, eləcə də Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə nəqliyyat axınının artırılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Maraqlıdır ki, Bakı-Tiflis-Qars dəmir yolu bir vaxtlar Çindən malların qəbulu baxımından "Transsibir" dəmir yolu xəttinə ciddi rəqib kimi qiymətləndirilirdi. Lakin bir müddət sonra Rusiya öz məhsullarını Türkiyə bazarına daha tez ixrac etmək, bu ölkənin Aralıq dənizindəki limanlarına çıxış qazanmaq məqsədilə Bakı-Tiflis-Qars xəttindən istifadə etmək qərarına gəldi. İndi isə bu xüsusda əməkdaşlığın daha da genişləndirilməsi Moskvanın xüsusi diqqət mərkəzində yer alır. Hazırda Rusiya Türkiyəyə taxta və polad məhsullarını əsas etibarı ilə məhz Bakı-Tiflis-Qarsla göndərir. Hər ay Rusiyaya məxsus təxminən 70 min ton metallurgiya məhsulu məhz bu yolla Türkiyəyə göndərilir. Ümumiyyətlə, Türkiyə Rusiya üçün ən böyük polad bazarıdır. Bu ölkənin Rusiyadan illik polad idxalının həcmi 5-6 milyon tondur. Bununla yanaşı, Rusiyadan Türkiyəyə hər il milyonlarla ton digər mallar, xüsusilə kömür, taxıl və gübrə ixrac edilir. Bu malların daşınması üçün Rusiya Bakı-Tiflis-Qarsdan getdikcə daha çox istfiadə edir. Beləliklə, bu dəmir yolu Rusiyanın Türkiyə və Cənub-Şərqi Avropa bazarlarına çıxışı üçün yeni imkanlar açır. Bütün bunlar fonunda Rusiyanın Azərbaycanla əlaqələrini dərinləşdirməsi də təbii sayılır.

Tahir TAĞIYEV

Mənbə: www.baki-xeber.com