SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq

SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq

SOCAR və “Özbəkneftqaz” Özbəkistandan Avropaya karbohidrogenlərin ixracı məqsədilə birgə treyder müəssisəsi açmaq qərarına gəliblər.

AZƏRTAC “Özbəkneftqaz”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə razılıq “Özbəkneftqaz”la SOCAR, “SOCAR Trading” və “Chemtrade LLC.” şirkətlərinin nümayəndələri arasında keçirilən görüşdə əldə edilib.

Bildirilir ki, birgə müəssisə “Özbəkneftqaz” üçün yeni mərhələ olacaq və şirkətə Avropanın, həmçinin Özbəkistanla birbaşa nəqliyyat dəhlizi olmayan dövlətlərin ixrac bazarlarına çıxmağa imkan yaradacaq.

Xatırladırıq ki, bu ilin mayında “Özbəkneftqaz, SOCAR və “BP Azerbaijan” şirkəti Aral dənizindəki bloklarda geoloji kəşfiyyat işlərinin aparılması haqqında saziş imzalayıb. Sazişə görə, geoloji kəşfiyyat işləri Aral dənizi akvatoriyasının Özbəkistan hissəsində aparılacaq. SOCAR və “Özbəkneftqaz”ın imzaladığı ikinci saziş isə Qaşqadərya vilayətindəki 4 işlənmiş yatağın inkişafı ilə bağlıdır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az