1500 hektarda 420 min fındıq ağacı əkilib - Yeni fındıq bağları salınır

1500 hektarda 420 min fındıq ağacı əkilib - Yeni fındıq bağları salınır

Şəkidə yeni fındıq bağları salınır.

Atv.az-a verilən məlumata görə artıq 1500 hektar ərazidə fındıq ağacı əkilib. Sahələr 49 illik müddətə icarəyə götürülüb. İndiyədək Şəkinin Cunud, Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndlərini əhatə edən 1500 hektarda 420 min fındıq ağacı əkilib. Burada həmçinin 4 ədəd subartezian,1 ədəd 10 min kubluq su quyusu qazılıb, elektriklə təmin olunub. Daha 500 hektar ərazidə isə işlər davam etdirilir. Fındıq bağlarının salınmasına cəlb olunan işçilər bildirirlər ki, kifayət qədər böyük sahədə aparılan işlər onlar üçün mövsümü deyil, daimi iş yeri deməkdir. Qeyd edək ki, respublikada açıq meşə sahələrinin icarəyə verilməsi 2017-ci ildə Meşə məcəlləsinə edilən dəyişiklikdən sonra mümkün olub. Aqrobağların salınması üçün açıq meşə fondu torpaqlarının icarəyə verilməsində məqsəd istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü əraziləri artırmaqdır. İndi Azərbaycan ərazisinin 14 faizi meşə fondu torpaqlarıdır. Bunun 11 faizi meşə örtüyü ilə əhatə olunub, 3 faizi isə meşəsiz sahələrdir. Xatırladaq ki, ölkə başçısı da keçirdiyi müşavirələrdə fındıqçılığın inkişaf etdirilməli olduğunu bildirib və bununla bağlı tapşırıqlar verib.

Mənbə: www.atv.az