Qusarda sahibkarlara təzyiq göstərilir? - İcra Hakimiyyəti iddialara cavab verdi

Qusarda sahibkarlara təzyiq göstərilir? - İcra Hakimiyyəti iddialara cavab verdi

Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarların çətin duruma düşdükləri ilə bağlı xəbər yayılmışdı. Sahibkarlar iddia edirdilər ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiyada yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib. İddia olunurdu ki, Qod Nisanov sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılığa gələrək sahibkarlara təzyiq edir, hətta onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı, qazı və suyu kəsilib.

Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirilib ki, yayılan informasiyalarda qeyri-dəqiqilik və yanlışlıq var.

“Son illər ərzində ölkədə, eləcə də Qusar rayonunda geniş miqyaslı abadlıq-quruculuq tədbirlər həyata keçirilməkdədir. Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən ölkəmizdə bu istiqamətdə tədbirlərin davamlı şəkildə icrası daim diqqət mərkəzində saxlanılan prioritet məsələlərdəndir. Respublikamızın sərhəd keçid məntəqələri yerləşən rayonlarında gömrük buraxılış məntəqələrinin qarşısında “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun müasir infrastrukturun yaradılması tədbirləri həyata keçirilir. Qusar rayonunun da ölkəmizin şimal qapısı olduğunu, turizm bölgəsi kimi günü-gündən inkişaf etdiyini nəzərə alaraq bütün rayon ərazisində, xüsusilə Samur Gömrük Buraxılış Məntəqəsi ətrafında abadlıq-quruculuq işlərinin görülməsinə, müvafiq layihə üzrə yeni infrastrukturun yaradılması üçün tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Qeyd olunan ərazidə infrastrukturun müasir tələblərə uyğunlaşdırılması üçün Dövlət Gömrük Komitəsi ilə birgə müvafiq işçi qrupu yaradılıb, əhali və sahibkarlar arasında izahat-maarifləndirmə işləri aparılıb. Ərazidə aparılan quruculuq tədbirləri çərçivəsində müxtəlif təyinatlı 27 obyektin qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi, bir sıra obyektlərin dam örtüklərinin və fasadlarının xüsusi tərtib olunmuş layihəyə uyğun olaraq yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Söküntüsü nəzərdə tutulmuş obyektlərin müvafiq qaydada qiymətləndirilməsi başa çatdırılmış, obyektlərin əksəriyyətində təmir işlərinə başlanılıb. Kompensasiya ödənilməklə sökülməsi nəzərdə tutulan obyekt sahiblərinə bildirişlər təqdim edilib, onlar arasında izahat işləri aparılıb. Aparılan araşdırmalar nəticəsində ərazidə yerləşən obyektlərin bir çoxunun mülkiyyət sənədlərinin qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi, bəzilərinin isə sənədlərinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilib. Bununla belə həmin obyekt sahibləri ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin az olması bəhanəsi ilə aparılan tədbirlərdən yayınır ki, bu da dövlət əhəmiyyətli tədbirin ləngiməsinə səbəb olur.

Adları çəkilən şəxslərin iş adamı Qod Nisanovun və Qusar RİH başçısı Sahir Məmmədxanovun guya bu layihədə şəxsi maraqlarının olması iddiası tamamilə yanlış fikirdir. Bir daha bildiririk ki, ərazidə icra edilən infrastruktur layihələri “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qusarda bir qrup sahibkarın şikayəti ilə bağlı xəbəri Vətəninfo.az saytı yayıb.

Mənbə: publika.az