Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) son dörd ildə ilk dəfə olaraq faiz dərəcəsini aşağı salıb.
FED uçot dərəcəsinin faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25-5,50 faiz aralığından 4,75% -5,00% faiz aralığına endirdi. Beləliklə, Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk faiz endiriminə gedib.
Görəsən, FED-in bu qərarı dollara necə təsir edəcək?
Mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli billdirir ki, FED-in son qərarı dolların bir qədər ucuzlaşmasına, lakin eyni zamanda, Amerika iqtisadiyyatının canlanmasına səbəb olacaq:
“FED-in faiz dərəcəsini aşağı salacağı gözlənilən idi. Amma birdən-birə faiz dərəcəsini 0,25 deyil, 0,50 faiz azaltması müəyyən mənada sürpriz oldu. Bu addım dünyada dolların bir qədər ucuzlaşmasına səbəb olacaq. Belə vəziyyətin yaranması isə Amerika iqtisadiyyatı üçün heç də pis deyil. Çünki dollar indeksinin baha olması Amerika ixracatını zəiflətmişdi. İndi isə dolların avro və digər valyutalara nisbətən bir qədər zəifləməsi nəticə etibarilə Amerika istehsalçıları və onların ixracat potensialına müsbət təsir göstərməlidir.
Həmin səbəbdən düşünürəm ki, FED-in qərarı bilərəkdən atılmış addımdır. Sözügedən addım Amerika daxilində iqtisadi canlanmaya da səbəb olacaq. Çünki uçot dərəcəsi aşağı düşdükcə kredit faizləri də azalır. Kredit faizlərinin azalması ilə isə həm istehlak, həm də istehsal kreditlərinin verilməsi də artacaq. Bu da ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Rüfət Sultan
Mənbə: bizim.media