Düzgün neft siyasəti Azərbaycanı dünya neft bazarındakı çalxalanmalardan sığortalayır…

Düzgün neft siyasəti Azərbaycanı dünya neft bazarındakı çalxalanmalardan sığortalayır…

Dünya bazarında son günlərdə neftin qiyməti ilə bağlı müəyyən maraqlı proseslər müşahidə olunmaqdadır. Hadisələrin inkişaf axarı bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın neft qiyməti ilə bağlı siyasəti, cari ildə olduğu kimi, gələn il ərzində də özünü doğruldacaq.

Xatırladaq ki, cari ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollardan müəyyən olunmuşdu. İl ərzində isə neftin orta qiyməti 65 dollar təşkil edib. Yəni Azərbaycan neft satışından nəzərdə tutduğundan da çox gəlir əldə edib. Gələn il üçün isə neftin qiyməti 55 dollardan müəyyən olunub. İndidən verilən proqnozlar neftin qiymətinin bu həddən də xeyli yüksək olacağını göstərir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri Light markalı neftin bir barrelinin qiyməti 68 dolları keçib.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni toplantısı fonunda isə qiymətlərin daha da artması gözlənir. Xatırladaq ki, həmin toplantıya qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da qatılacaq. OPEC-in baş katibi Məhəmməd Barkindonun dəvətilə artıq energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək. Məlumata görə, OPEC+ nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və ölkələr üzrə öhdəliklərin icra göstəriciləri nəzərdən keçiriləcək. Qeyd edək ki, 2018-ci il dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb. İndi gözlənir ki, sözügedən saziş OPEC+ ölkələrinin Vyana görüşündə gələn ilin sonuna kim uzadılçın. Xatırladaq ki, Azərbaycan sazişin uzanmasının tərəfdarıdır.

Ekspertlərə görə də, OPEC+ sazişinin müddəti 2020-ci ilin sonuna qədər uzadılacaq. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın rəhbərlik etdiyi qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər, bu baş verərsə, xam neftin qiymətinin bahalaşacağını vurğulayır. Hazırda neft bazarının diqqəti məhz OPEC+ ölkələrinin toplantısına yönəlib. İstənilən halda hesab edilir ki, hasilatla bağlı sazişin müddətinin uzalıdlması və ya yeni azalma barədə qərarın qəbulu neftin qiymətini artıracaq. Bu halda Azərbaycan neftinin qiymətinin 70 dollarıq həddi belə keçməsi tamamilə gözlənilən sayılır. ABŞ-ın "Goldman Sachs" investisiya bankı da baş verənlər fonunda 2020-ci il neftin qiymətinin hər barrel üçün ən azı 65 dollar civarında olacağını proqnozlaşdırır. Bankın mütəxəssisləri hesab edirlər ki, gələn il neftə gündəlik tələbat bu illə müqayisədə 1,2 milyon barrel çox olacaq. Bu da qiymətlərin yüksəlişinə təkan verən əlavə məqamlardan biri sayılır.

Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, gələn il üçün Azərbaycan neftinin satış qiyməti nəzərdə tutulan həddən yüksək olacaq. Amma buna rəğmən, Azərbaycan digər ssenarilərə də hazırdır. Belə ki, büdcənin neft gəlirlərinin əsas hissəsini Azərbaycan Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunub. Yəni gələn il neftin qiyməti 40 dollara belə enərsə, dövlət büdcəsinin gəlirləri proqnoz göstərici ilə müqayisədə cəmi 1,6% azala bilər. Bu isə o deməkdir ki, hökumət neftin büdcə qiymətini 55 dollar götürməklə özünü tam sığortalayır. Son 15 ildə Azərbaycanda neftin büdcə qiymətinin proqnozlaşdırmaları 5 dollar artım və yaxud azalma ilə müşahidə edilir. İndiyə qədər də bu proqnoz özünü doğruldub. Gələn il üçün də hansısa yenilik gözlənilmir. Əksinə, yuxarıda sadalanan səbəblər neftin qiymətinin yenə nəzərdə tutulduğundan yüksək olacağını göstərir. Moskva İdarəçilik Məktəbinin eksperti Yekaterina Qruşevenko da bildirir ki, ən azı 2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiyməti minimum 65 dollar təşkil edəcək. O, neftin qiymətinin bu həddə olması proqnozunun daha çox geosiyasi səbəblərdən qaynaqlandığını deyib və ABŞ-ın şist neft hasilatının tədricən azalmasının buna təsir göstərməsi ilə izah edib. Bununla yanaşı, OPEC+ ölkələrinin də neftin qiymətlərini saxlamaq üçün kvotaları artırmağa hazır olmasını nəzərə alan ekspert bunların qiymətlərə əsaslı surətdə təsir etdiyini vurğulayır. O, Braziliyanın, qeyri-rəsmi də olsa, OPEC+ üzvü olmağa razılıq verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyini bəyan edib. Bütün bunlar bir daha Azərbaycanın neft qiyməti siyasətinin özünü doğrultduğunu göstərir.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanın neft qiymətlərindən asılılığı da azalır. Bunun ümdə səbəbi qeyri-neft sektorunun dinamik inkişafıdır. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təsərrüfatı və sənaye üzrə direktoru Memduh Unal da xüsusi vurğulayır. Azərbaycan rəhbərliyinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün uzun illərdir çox məntiqli siyasət yürütdüyünü vurğulayan Memduh Unal bildirir: “Azərbaycan neftin qiymətindən asılılığın aradan qaldırılması üçün qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verir və bu sahədə bir çox uğura nail olub. Kənd təsərrüfatı, turizm sahələri də daxil olmaqla, qeyri-neft sektoruna investisiyalar artırılıb. Bu baxımdan beynəlxalq aləmdə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət təqdir edilir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında son 15 ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bu bizim hesabatlarımızda da öz əksini tapıb”.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com