Göyə sovrulan milyonlar: bu qurumun “otkat” kralı kimdir?

Göyə sovrulan milyonlar: bu qurumun “otkat” kralı kimdir?

Son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması üzrə tədbirlər ictimaiyyət tərəfindən təqdirəlayiq şəkildə qarşılanır.

Lakin, görülən işlərə baxmayaraq, ölkədə fəaliyyəti qənaətbəxş səviyyədə olmayan, büdcə vəsaitlərinin sovurulmasını əsas funksional vəzifə hesab edən, bununla da korrupsiya çirkabında batan dövlət qurumları da fəaliyyət göstərməkdədir. Bu qurumların içərisində 2017-ci ilin oktyabr ayında yaradılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) misal göstərmək olar.

Bu quruma ayrılan milyonların müqabilində keyfiyyətsiz görülən işlər sözügedən agentliyin yarıtmaz fəaliyyət göstərdiyini deməyə əsas verir.

Belə ki, bu günlərdə Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında asfalt örtüyünün çökməsi qurumda hökm sürən rüşvətxorluq və korrupsiya ilə birbaşa əlaqəli olmasını sübuta yetirir. Bu məlumat AAYDA-kı mənbələrimiz tərəfindən də öz təsdiqini tapır. Buna baxmayaraq, bu günlərdə bir sıra media resurslarına məqsədli şəkildə ötürülmüş informasiyalara görə, məlum hadisənin guya sabiq nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi dövründə buraxılmış səhvlər ucbatından baş verdiyi bildirilir. Tərəfimizdən aparılan araşdırmalar və AAYDA-kı mənbələrin sözlərinə əsasən, sürüşmənin yol təsərrüfat obyektlərinin saxlanması işində mövcud nöqsanlar ucbatından əmələ gəldiyi iddia olunur.

Avtoyol sistemində bu sahəyə AAYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımovun rəhbərlik etdiyi bildirilir.

Bu şəxs, Agentlik sədrinin qudası olmasına arxalanaraq məsul olduğu sahədə ağalıq edir və dövlət tərəfindən ona həvalə edilmiş vəzifədən miras kimi istifadə etdiyi diqqətə çatdırılır. Belə ki, Avtoyolda saxlanma üzrə ixtisaslaşan yüzə yaxın idarənin əksəriyyətinin hazırda iflic vəziyyətdə olduğu, yalnız Ə. Qasımova yaxınlığı ilə seçilən strukturların maliyyələşdiyi qurum daxilində heç kimə sirr deyil. Bir çox idarələrin külli miqdarda borclarının olduğu halda ödənişlər edilmir. Xüsusilə yanacağa və digər müəssisələrə. Ayrılan vəsaitlər isə qeyri-obyektiv şəkildə paylanır.

Ə. Qasımov həm də "otkat” kralı kimi də ad çıxarıb. Belə ki, o, bir çox idarələrə işlərin icrasından bir müddət keçdikdən sonra maliyyə ayrılmasına razılıq verir. Bu yanaşmanın özü də ciddi qanun pozuntusu kimi qiymətləndirilə bilər. Həmçinin bildirilir ki, bu idarələrə ayrılan vəsaitlərin 35 faiz həcmini "otkat” olaraq geri istəyir. Acınacaqlı durumda olan idarələrin rəhbərləri isə iş yerlərini itirmək qorxusundan vəziyyəti qabartmağa səy göstərmirlər. Düzgün audit aparılsa bu nöqsanlar da üzə çıxar...

Ə. Qasımov bununla yanaşı, AAYDA-nın fəaliyyət istiqamətləri üzrə elan olunan tenderləri öz kurasiyasına keçirməyə müvəffəq olub. AAYDA-nın son iki il ərzində elan etdiyi tenderlərin yalnız bir-iki şirkət tərəfindən həyata keçirildiyi bunu deməyə əsas verir.

Bu işlərdə təbii olaraq Ə. Qasımova hazırda AAYDA-nın Maliyyə müdiri vəzifəsində işləyən Müseyib Həmzəyevin dəstək olduğu araşdırmalar zamanı aşkar edilib. Belə ki, yuxarıda qeyd olunan maxinasiyalar qurumun korrupsiyaya bulaşmış tandemi tərəfindən həyata keçirilir. Qeyd olunmalıdır ki, M.Həmzəyevin köməkliyi ilə quruma illik gələn audit və vergi yoxlamaları məlum üsullarla razı salınır. Bu səbəbdən hazırda AAYDA sistemində mövcud olan qanunsuzluqlar üzə çıxarılmır. Maliyyə sahəsində elə də dərin savada malik olmayan M. Həmzəyev məhz mahir maxinasiya ustası olduğu üçün hazırkı postunu qoruyub saxlaya bilib.

M. Həmzəyev çirkin niyyətini həyata keçirmək üçün AAYDA-nın borclu olduğu şirkətlərlə anlaşmaya gedir. Qurumun borcu o halda şirkətə ödənir ki, məbləğin müəyyən hissəsi Həmzəyevə "otkat” şəklində geri qaytarılsın. Əgər şirkət bu üsulla razılaşmırsa, qurum onun pulunu ödəmir.

Maliyyə müdirinin qanunsuzluqları bununla da bitmir. Həyata keçirilən layihələrin heç biri normal ekspertizadan keçirilmir. Tikinti layihələrinin ekspertizası da formal xarakter daşıyır. Məhz bu səbəbdən görülən işlər tez bir zamanda sıradan çıxmış olur.

Necə deyərlər, "Görünən dağa nə bələdçi?!” Çəkilən yollar istismar müüdətindən daha tez zamanda sıradan çıxır.

Elə son zamanlar baş verən hadisələri, o cümlədən Bayılda baş verən hadisəni və bir neçə gün öncə açılışı baş tutmuş Şamaxı yoluna baxmaq kifayət edər.

Bir müddət öncə mənbəyi bilinməyən maliyyə hesabına əldə edilmiş M.Həmzəyevin kapitalı barədə ( Novxanıdakı "Rest Time” restoranı, "Bentley” və digər dəyəri yüz minlərlə ölçülən bahalı markalı avtomobillər vəs.) bəzi media qurumlarında qeydlər öz əksini tapıb. Lakin vəzifəsini itirməkdən qorxan bu məmur tez bir zamanda bu məqalələri ortadan götürməyə müvəffəq olub.

Görünür Saleh Məmmədov ilə qohumluq əlaqələrinə güvənən, habelə əvvəlki məmurların cəzasız qalmasını göz önünə alan Ə. Qasımov fəaliyyətini bu prinsiplər əsasında həyata keçirir. Lakin, ölkə başçısının son dövrlərdə S.Məmmədova bildirdiyi obyektiv iradlar qurumdakı səriştəsiz və pula həris məmurların fəaliyyətlərinin tədricən üzə çıxdığından xəbər verir. Yolların əsasən, istismar müddətindən daha tez bir zamanda yararsız hala düşməsi, daha çox əsaslı təmir adı altında yamaqlamaq işlərinin aparılması bu tendensiyaya misal ola bilər.

Qeyd olunmalıdır ki, bu istiqamətdə aparılan araşdırmalar davam etdirilir. AAYDA rəhbərliyində bu kimi bir sıra məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədə də məlumatlar redaksiyamıza daxil olur. İlin çox hissəsini xarici ölkələrdə keçirən bəzi AAYDA məmurlarının bu ölkələrə getməkdə məqsədləri nədir?

Eləcə də, yüksək səviyyəli məmura və yaşına yaraşmayan eyş-işrət həyatı sürən vəzifəlilər barədə araşdırmalarımız davam edir, bu barədə növbəti yazılarımızda oxucularımıza məlumat verəcəyik.

Xeberle.com

Mənbə: xeberle.com