Dayanacağa qədər 2 km gedən Qobu sərnişinləri: İki dövlət qurumu üz-üzə - “Sərhədləri keçə bilmərik”

Dayanacağa qədər 2 km gedən Qobu sərnişinləri: İki dövlət qurumu üz-üzə - “Sərhədləri keçə bilmərik”

Qobu sakinləri ictimai nəqliyyatla bağlı problemlə üzləşiblər.

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yeni yaşayış massivlərinin sakinləri avtobusa minmək üçün 2 kilometr yol qət etməlidirlər. Səbəb isə marşrutlarının sonuncu dayanacağının dəyişməsidir.

Bununla bağlı Cebhe.info-ya müraciət edən Qobu sakinləri bildiriblər ki, bu ilin oktyabr ayından etibarən 567 saylı Avtovağzal-Qobu marşrutunun sonuncu dayanacağı dəyişib:

“Əvvəl hər şey normal idi. Avtobuslar təzə salınmış ərazilərədək gəlirdilər. İki ay əvvəl 567 nömrəli marşrut sonuncu dayanacağını 2 km əvvələ çəkib. Səbəb isə digər Lökbatan-Qobu istiqamətində hərəkət edən 140 və 194 nömrəli marşrutların aralarında olan mübahisədir. Xüsusilə uşaqlar, qadınlar, qocalar avtobusa minmək üçün 2 kilometrdən çox məsafə qət etməli olurlar. Qış mövsümünə keçmişik. Sabah bunun qarı, yağışı var. Vəziyyət necə olacaq?”, - deyə Qobu sakinləri bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında məsələnin onlara deyil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlərinə aid olduğunu deyib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə sözügedən problemi belə əsaslandırıb:

“567 nömrəli marşrut Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “Qobu Park” sakinləri üçün açılan bir xətt idi. Doğrudur, Lökbatan-Qobu istiqamətində hərəkət edən 140 və 194 nömrəli marşrut da var. Amma 567 nömrəli marşrut qoyduğumuz xətt çərçivəsində hərəkət edir. Qaradağdan sonra sərnişinlərin bildirdiyi 2 kilometr ərazi gəlir ki, o Bakı şəhərinin sərhədləri, yəni Bakı Nəqliyyat Agentliyinin nəzarət dairəsi və ya arealı başlayır. Həmin səlahiyyətlər ərazisində də 140 və 194 nömrəli marşrutlar işləyir.

Sözügedən ərazi üçün açılan həm Bakı Nəqliyyat Agentliyinin, həm də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyəti daxilində olan marşrut xətti var. Qayda belədir ki, həmin marşrutlar bir-birlərinin sərhədini keçməməlidir. Yəni bu qaydaya qarşı çıxmaq olmaz. 194 saylı marşrut həm “Qobu Park”-dan, həm də “Qobu Park 1”-dən “20 Yanvar” metrostansiyasınadək hərəkət edir. 140 saylı marşrut da eynilə “Sədərək” ticarət mərkəzi və Hökməli dairəsi olmaqla hərəkət edir. Bizim nəzarətimizdə olan 567 nömrəli marşrut isə Bakı Nəqliyyat Agentliyinin sərhədləri daxilində olan əraziyə girə bilməz. Bunun üçün daşıyıcı Bakı Nəqliyyat Agentliyindən müvafiq razılığı almalıdır. Ondan sonra biz ona icazə verə bilərik. Sərnişinlərin narahatçılığına gəldikdə isə o istiqamətdə, kiçik bir ərazidə 3 marşrut xətti işləyir. 567 nömrəli marşrut isə tərəfimizdən əlavə yardımçı xətt kimi açılıb. Amma biz sərhədləri keçə bilmərik”.

Alçina Amilqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info