Azərbaycanda pensiyalar bu qayda ilə artacaq - Komitə sədri AÇIQLADI

Azərbaycanda pensiyalar bu qayda ilə artacaq - <span class="qirmizi">Komitə sədri AÇIQLADI</span>

Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması nəzərdə tutulur.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hər ilin əvvəlində əmək pensiyaları artırılır. "Artırılma mexanizmi də belədir. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildəki respublika üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Keçə il Azərbaycanda orta aylıq əmək haqqı 15 faiz artmışdı və bu ilin əvvəlində də cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda əmək pensiyalarının bütün növləri 15 faizlik indeksasiya olundu və artırıldı.

Hazırda yaşa görə əmək pensiyalarının orta məbləği 460 manatı ötüb və gələn il üçün bu məbləğ 500 manatı keçəcək. Çünki ölkəmizdə aparılan doğru sosial-iqtisadi siyasət, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, o cümlədən də neftin dünya bazarında qiymətinin bizim proqnozlaşdırdığımız həddən yuxarı olması imkan verir ki, biz gələn il də pensiyaları artıraq", - deyə M.Quliyev deyib.

O bildirib ki, bu il ərzində orta aylıq əmək haqqının 15 faizə yaxın artacağı proqnozlaşdırılır.

"Əgər bu proqnoz özünü doğruldarsa və təbii ki, də doğruldacaq, gələn il də pensiyaların 15 faizə yaxın artımı olacaq ki, bu da imkan verəcək ki, həm pensiyaların minimum məbləği, həm yaşa görə pensiyalar, həm də əmək pensiyaları və digər növ pensiyalar artırılsın. Belə olan halda yaşa görə əmək pensiyalarının orta məbləği 500 manatı ötəcək", - deyə o əlavə edib.

Mənbə: news.milli.az