Manat bu tarixədək sabit qalacaq, sonra isə… - Sabiq nazir

Manat bu tarixədək sabit qalacaq, sonra isə… -

Ötən illə müqayisədə cari ilin on ayı ərzində valyuta satışının həcminin bu qədər artmasının müxtəlif səbəbləri mümkündür. Bu səbəbləri bilmədən, valyuta satışının həcminin nə üçün artdığı sualına əsaslı cavab vermək mümkün deyil. Ola bilər ki, bir müddət dövlət büdcəsində yaranmış profisit səbəbindən Neft Fondundan nəzərdə tutulmuş vəsaitlərin transferi zamanla gecikdirilib və s. Yəni mətbəxdə nə baş verdiyini bilmədən onu yozmaq olmaz. Mərkəzi Bankın valyuta resurslarının da bir qədər azalması manatın məzənnəsinə hər hansı bir təhlükənin yaranması anlamına gələ bilməz.

Bu sözləri sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında Neft Fondunun ötən illə müqayisədə valyuta satışını 2,3 dəfə artırması və bunun manata təzyiqi haqda müzakirələrə münasibət bildirərkən deyib.

F.Yusifov Mərkəzi Bankın ən azından gələn ilin sonlarına qədər manatın sabitliyini təmin edəcəyini vurğulayıb:

“Bundan sonra atılacaq addımlar isə dünya iqtisadiyyatında baş verən prosseslərlə və eyni zamanda neftin qiymətlərinin özünü necə aparacağından asılı olacaq. Bütün bu söhbətlər fonunda bir həqiqəti söyləməliyik – Azərbaycan zamanla milli valyutanın üzən məzənnəyə keçməsini də göz önünə alıb Ümümdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşmalıdır. Biz artıq bu təşkilata üzv olmaq haqqında ciddi düşünməliyik”.

Mənbə: axar.az