Fransa hökuməti dövlət və sosial xərcləri azaltmaqla, vergi gəlirlərini artırmaqla dövlət kəsirini azaltmağa səy göstərsə də, nəzərdə tutulan variantlar iqtisadiyyatın bir çox sahəsində gərginliyə səbəb olub.
Belə vəziyyətdə hava və dəmir yolu nəqliyyatı, dövlət qulluğu və tibbi biologiya kimi müxtəlif sahələr qarşıdakı həftələrdə tətil elan ediblər.
Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) noyabrın 21-ə ilk nümayişə, dekabrın 11-dən isə müddətsiz tətilə çağırış edib.
“Biz dedik ki, 21 noyabr aksiyası daha sərt və daha uzun bir tətildən əvvəl xəbərdarlıqdır. Biz sözdən hərəkətə keçirik”, - deyə “SUD-Rail”ın federal katibi Jülyən Trokaz mətbuata açıqlamasında bildirib.
Həmkarlar ittifaqları “Fret SNCF”in (Fransa Dəmir Yollarının yükdaşıma bölməsi – red.) ləğvinin, TER, “Transilien” və “Intercités” qatarlarının özəlləşdirilməsinin və “Resonances” planı ilə “SNCF Réseau”nun (dəmir yolları şəbəkəsi) parçalanmasının əleyhinə olduqlarını bildiriblər. Onlar sosial dempinq və qeyri-məhdud maliyyə gəliri strategiyasını pisləyirlər.
Mənbə: axar.az