2020-ci il üçün bütün bankların qarşısında duran prioritet məsələ... - ŞƏRH

2020-ci il üçün bütün bankların qarşısında duran prioritet məsələ... - ŞƏRH

“2019-cu ildə cənab Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın icrası nəticəsində bank sektorunun icmal balansında bütün komponentlər üzrə artım var”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib.



Ekspert bildirib ki, ötən il ərzində bank sektorunda əhalini narahat edəcək ciddi problem olmayıb: “Əmanətlər artır, əks-dollarlaşma meyli davam edir. Hazırda dollarla olan depozitlərin manatla olan depozitlərə nisbəti 54%-ə enib. İlin əvvəlində 62% idi. Ölkə başçısının qeyd etdiyi əsas məsələlərdən biri ondan ibarət idi ki, bank sektorunda son müddətdə formalaşan likvidlik var. Bu likvidlik və pul bazası 24%-ə yaxın artıb”.

E.Sadıqov qeyd edib ki, İlham Əliyevin vurğuladığı əsas məsələlərdən biri bu idi ki, ard-arda real sektora, həm də bank sektoruna yönələn pul investisiyaları yalnız istehlaka yönələrsə, həm ciddi inflyasiya təzyiqi yarada bilər, həm də əhalinin lüzumsuz borclanmasına gətirib çıxara bilər: “Bu da real sektorun inkişafının həmin istehlak kreditlərinin inkişaf tempindən geridə qalmasını, yəni, problemli kreditlərə çevrilməsini şərtləndirər. Ona görə də 2020-ci il üçün bütün bankların qarşısında duran prioritet məsələlər məhz istehlak kreditlərinin deyil, real sektorun kreditləşməsi olmalıdır. Mərkəzi Bank bununla bağlı özünün məhdudlaşdırıcı siyasətini davam etdirəcək. Bu, çox önəmli faktordur. Konkret olaraq real sektorun kreditləşməsi ilə bağlı ikinci məsələ budur ki, real sektor tərəfindən hazırda kreditə tələbat azdır. Yəni, kreditləşmənin zəif olmasının önəmli səbəblərindən biri də budur”.

Ekspert hesab edir ki, bundan sonrakı proseslərdə həm istehlak kreditləri azaldılacaq, həm də kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək: “Geniş rəqabət olacaq. Hər kəsə kredit vermək mümkün olmayacaq. Biznes kreditlərində də faiz dərəcələrinin aşağı düşməsi gözlənilir. Düşünürəm ki, humanitar siyasətin tərkib hissəsindən olan uçot faiz dərəcəsinin 2,5% bəndi 2020-ci ildə aşağı düşəcək. 5-6% uçot dərəcəsinin şahidi ola bilərik ki, bu da xüsusilə kredit faizlərinə təsir edəcək. Hazırda biznes kreditləri üzrə faiz dərəcələri 11-13% ətrafındadır. Amma eyni istiqamətdə davam edərsə və şok hadisələr baş verməzsə, ilin sonuna doğru 10-11%-lik aktiv biznes kreditlərinin şahidi olacağıq”.

Məhərrəm Əliyev

Mənbə: publika.az