Min manat maaş alan Azərbaycan müəllimləri 16 yüksək maaş alan ölkələrin müəllimləri sırasına niyə düşmədi…

Dünya İqtisadi Forumu müxtəlif ölkələrdə 15 il iş təcrübəsi olan orta məktəb müəllimlərinə il ərzində verilən əməkhaqqının məbləğini açıqlayıb. Qeyd edək ki, əks olunan rəqəmlər vergidən öncə ödənilən rəsmi əməkhaqqı ilə bərabər, tibbi sığorta və digər müavinətləri də nəzərə alır.

Təcrübəli orta məktəb müəllimlərinə verilən illik əməkhaqqına görə ölkələrin sıralamasında birinci yerdə Lüksemburqdur. Təəssüf ki, ilk 16 ölkənin sırasında Azərbaycanın adı yoxdur.

Halbuki, Azərbaycanda müəllimlərin əməkhaqqının yüksək olması istiqamətində çoxlu sayda iş görülür. Son bir neçə il ərzində müəllimlərin əməkhaqqı dəfələrlə artıb. Hətta elə pedaqoqlar var ki, onların məvacibi 1000 manat və ya bu məbləğdən yüksəkdir.

“Ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi və iş stajlarına görə dəyişir”

Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bir sıra ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıqdır: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2014-2017-ci illərdə keçirilən və Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manatdır. Prezident İlham Əliyevin orta təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının 2015-ci ildə 2 dəfə, 2018-ci ildə isə 10 faiz artırılması haqqında sərəncam imzaladı. Ölkə başçısının müvafiq sərəncamından sonra müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq, ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib. Sərəncama görə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. 2014-cı ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra Azərbaycanda əməkhaqqı artırılan müəllimlərin sayı 100 min nəfəri keçdi. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əməkhaqqının 2018-ci ilin yanvar ayından artımla ödənilməsi deməkdir. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıq maaş alırlar”.

Ekspertin sözlərinə görə, ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi və iş stajlarına görə dəyişir. Burada bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması da önəm kəsb edir: “Məlumat üçün bildirim ki, müəllimlərin sonuncu əməkhaqqı artımı 2019-cu ilin martında baş verib”.

Günel CƏLİLOVA

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Avropanın ən qədim qəzetlərindən biri NZZ-nin 240 yaşı tamam olub

SONRAKI XƏBƏR

Pakistanın Azad Kəşmir bölgəsində qar uçqunu azı 57 adamın həyatına son qoyub