Qəbələnin otel və mehmanxanaları ötən il 120 mindən çox əcnəbi turistə xidmət göstərib

Qəbələnin otel və mehmanxanaları ötən il 120 mindən çox əcnəbi turistə xidmət göstərib

Qəbələ, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin ölkəmizə böyük axınla səfər etməsinə geniş yol açıb.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını vurğulayaraq deyib: “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər”.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün, həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Müasir tələblərə cavab verən yeni otel və istirahət mərkəzlərinin istifadəyə verilməsi, münasib qiymətlər, yenilənmiş yol infrastrukturu Qəbələyə turist axınının artmasını şərtləndirən başlıca amillərdəndir. Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.

Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ildə rayon ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2353 yerdir. Ötən il otel və mehmanxanalarda 27 min 129 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 85,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

2019-cu ildə rayondakı otel və mehmanxana tipli müəssisələrə 186 min 431 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 65 min 592-si və ya 35,2 faizi Azərbaycan, 120 min 839 nəfəri və ya 66,2 faizi xarici ölkə vətəndaşı olub.

İdarə rəisinin sözlərinə görə, statistik məlumata yalnız mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşən turistlərin sayı daxil edilib. Fərdi evlərdə qalan turistlər də nəzərə alınarsa, qeyri-rəsmi statistikaya əsasən, 2019-cu ildə Qəbələyə gələn turistlərin ümumi sayı 314 min nəfərdən çox olub.

A.İsgəndərov bildirib ki, keçən il Qəbələnin otel və mehmanxanalarında yerləşən yerli turistlərin sayı əvvəlki illə müqayisədə 10 min nəfərdən çox artıb.

2019-cu ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. İl ərzində bu ölkənin 34 min 894 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, ötən il Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qətər, Oman, Rusiya, Hindistan, Çin və İraqdan olanlar üstünlük təşkil edib.

Otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub.

Ötən dövrdə turizm obyektlərində 1225 işçi çalışıb. Onlardan 238 nəfərini qadınlar, 105 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.

Mənbə: azertag.az