İqtisadiyyat İnstitutunda elmi sessiya

İqtisadiyyat İnstitutunda elmi sessiya

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Mədət Allahverdiyevin anadan olmasının 90 illiyi münasibətilə elmi sessiya keçirilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli mərhum alimin görkəmli iqtisadçı, elm və təhsil fədaisi olduğunu, Azərbaycan iqtisad elminin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və böyük elm təşkilatçısı”, institutun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəlil Quliyev “Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi və əmək ehtiyatlarından istifadə edilməsinin ilk tədqiqatçısı” və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əmirxan Babaşov “Azərbaycanda yüksəkixtisaslı iqtisadçı elmi kadrların hazırlanmasında böyük xidmətləri olan alim” mövzularında məruzə ilə çıxış ediblər.

İqtisadçı alimlər məruzələrində Mədət Allahverdiyevi iqtisad elmi sahəsində dərin bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik sadə, xeyirxah və müdrik insan kimi xarakterizə edib, onunla bağlı xoş xatirələrini danışıb, keçdiyi şərəfli ömür yoluna nəzər salıblar.

Məruzələrdə qeyd olunub ki, keçmiş ittifaqda ən çox elmlər namizədləri və doktorları hazırlamış Mədət Allahverdiyev böyük alim, söz sahibi və şəxsiyyət idi. O, doğulduğu məkandan, milliyyətindən və ictimai vəziyyətindən asılı olmayaraq elmə həvəsi olan, bu sahədə qabiliyyəti olan bütün gənclərə mənəvi və lazım gəldikdə maddi dəstək göstərib. Görkəmli alimin rəhbərliyi ilə 100-dən çox elmlər namizədləri və doktorları yetişib.

Mədət Allahverdiyevin ailə üzvləri tədbirin təşkilatçılarına və məruzəçilərə minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az