Azərbaycanda kənd təsərrüfatı istehsalı ötən il 7%-dən çox artıb

Azərbaycanda  kənd təsərrüfatı istehsalı ötən il 7%-dən çox artıb

Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 836,7 milyon manat təşkil edib ki, onun da 4085,5 milyon manatı heyvandarlıq, 3 751,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci il ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə isə 11,7% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb. 2019-cu ildə dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsindən 3 254,9 min ton və ya 2018-ci illə müqayisədə 6,3% çox məhsul götürülüb. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb.

2018-ci il ilə müqayisədə, ötən il diri çəkidə ət istehsalı 3% artaraq 573,3 min ton, süd istehsalı 2,4% artaraq 2 129,4 min ton, yumurta istehsalı 9% artaraq 1 827,1 milyon ədəd və yun istehsalı 1,6% artaraq 16,1 min tona çatıb. Bundan başqa, ölkədə 643,7 ton və ya 2018-ci il ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

 

Mənbə: apa.az