Ağsuda ötən il sənaye məhsullarının istehsalı 3,3 dəfə artıb

Ağsuda ötən il sənaye məhsullarının istehsalı 3,3 dəfə artıb

Ağsu rayonunda 2019-cu ildə 24 milyon 990 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2018-ci illə müqayisədə 17 milyon 428 min manat və ya 3,3 dəfə artıqdır.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar bölgə olan Ağsuda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir. Hazırda rayonda 11 sənaye müəssisəsi fəaliyyət göstərir. “Az Granata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu, “Qradus-40” MMC, “Alprint” MMC və bir sıra digər sənaye müəssisələri öz fəaliyyətlərini ildən-ilə genişləndirir.

 

Mənbə: azertag.az