Azərbaycanın qızıl ehtiyatı böyük artım ərəfəsindədir

Azərbaycanın qızıl ehtiyatı böyük artım ərəfəsindədir

Dünya bazarlarında qızıla getdikcə daha böyük marağın yaranması müşahidə olunmaqdadır. Aparılan hesablamalar göstərir ki, 2019-cu ildə beynəlxalq fondlardakı qızılın bazar dəyəri 2018-ci ilə nisbətən 37% artaraq 141 milyard dollara çatıb.

Qeyd edək ki, 2019-cu ildə qlobal qeyri-müəyyənliklər və ticarət müharibələri investorları “təhlükəsiz liman” olan qızıla yönəldib. Bu fonda Azərbaycanda da bu məhsula marağın artması müşahidə olunur. Belə ki, Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelinin tərkibində qızılın payını artırmağı tövsiyə edib. Palatanın ARDNF-in 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə də bu məsələyə xüsusi toxunulur. Belə ki, Palata Fonda bu il daha 49 min 705 kiloqram qızıl almağı məsləhət görüb. Bu fonda cari ildə Azərbaycanın daha böyük həcmdə qızıl alması tamamilə gözlənilən sayılır.

Məhz belə bir vaxtda İsveçrənin məhşur sərmayə bankı olan UBS qızılın qiymətinin cari ildə yüksələcəyini proqnozlaşdırır. Qızılın ötən ilin əvvəlindən bəri 18% bahalaşdığını qeyd edən bank analitikləri bildirir ki, dünyada zəif iqtisadi artım, aşağı faizlər qızıl saxlamağı daha sərfəli edir. Siyasi qeyri-müəyyənliyin qızıla marağı daha da artıra biləcəyini qeyd edən bank bu məhsulun alınmasının sərfəli olduğunu bildirir. Fransanın beynəlxalq bank qrupu "BNP Paribas" qızıl qiyməti proqnozlarını yüksəldib. Quruma görə, qiymətli metalda orta qiymət 2020-nin ilk rübündə 1600 dolları aşacaq. Bankın əmtəələrin tədqiqatı departamentinin rəhbəri Harri Tçilinguirian bildirir: "ABŞ Federal Ehtiyat Sisteminin 2020-ci ilin iyun arasında gedəcəyi 25 bəndlik faiz endiriminə yönəlməsinə görə qızıl bahalaşacaq. Bu da qızıl saxlamağın cazibəsini artıracaq".

Qızılın qiymətinin artması proqnozları fonunda qızıla investisiyaların da həcmi artıb. Mərkəzi bankların ardınca birjalar, həmçinin fondlar qızıl alışını həyata keçirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2018-ci ildə mərkəzi bankların xalis qızıl alışı əvvəlki ildən 73,8% artaraq 651,5 tona çatıb. Şuranın məlumatına görə, ötən il də dünyada investisiya aləti kimi qızıla tələbat 3% artaraq 2 855 ton olub. Məlumata əsasən, illik müqayisədə isə investorların bu qiymətli metala tələbatı 10% artıb. Qlobal fondlar da qızıla investisiyalarını artırıblar. Ekspertlər bildirir ki, tələbatın artması səbəblərindən biri qızılın bir növ müdafiə aktivi kimi istifadə edilməsidir. Yəni fond bazarında səhmlərə, risqli aktivlərə investisiya edəndə onların dəyəri itərsə, risqdən qaçmaq üçün qızıl almağa başlayırlar. Bu mənada, cari ildə də Azərbaycanın qızıla böyük sərmayə yatırması tamamilə gözlənilən sayılır. Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Fondu əsas maliyyə xəzinəsi üçün "sarı metal"ın alışına 1 fevral 2012-ci ildən başlayıb. İki il ərzində 30,18 ton qızıl alınıb. Neft Fondu 2014-2017-ci illərdə qızılın alınmadığını bəyan edib. Azərbaycan hökuməti tərəfindən qızılın alışının ikinci mərhələsi 2018-ci ilin ikinci yarımilində bərpa edilib və ilin sonunadək 21 tona yaxın qızıl alınıb. ARDNF, artıq planlaşdırıldığı kimi, 100 tona yaxın fiziki qızıl əldə edib. Eyni zamanda, dünya bazarında qızılın qiyməti ölkədə "sarı metal" istehsalının rentabelliyinin artırılmasına və Dövlət Neft Fondunun aktivlərinin dəyərinin artmasına kömək edir. Ölkədə hasil edilən qızılın da əsas alıcısı ARDNF və Mərkəzi Bankdır. Bu da o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatlarında qızılın payı daha da artacaq. Ölkəmizin sahib olduğu ABŞ istiqrazlarının satışı fonunda əldə edilən gəlirə də qızıl alınması proqnozlaşdırılır.

Yuxarıda qeyd olunduğu kimi, hazırda qeyri-müəyyən geosiyasi vəziyyət qızılın digər aktiv növlərinə, o cümlədən daşınmaz əmlaka və qiymətli kağızlara nəzərən ucuz olması və qızıl hasilatının son illər nisbətən azalması onun qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir. Bu vəziyyətdə Azərbaycanın da valyuta ehtiyatlarının tərkibində qızılı artırması məqbul hal sayılır. Bunu digər ölkələr də edir. Eləcə də geosiyasi və geoiqtisadi vəziyyətin getdikcə pisləşməsi, gələcək perspektivlərin qeyri-müəyyənliyi fərdi və institusional investorları da qızıla yönəldir. Qızılın qiymətinin artmasının digər səbəbi isə, yuxarıda qeyd olunduğu kimi, valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az risqli istiqamətə yönəltməsi ilə bağlıdır. Bunlar qarşıdakı dövrdə də qızılın bahalaşmaqda davam edəcəyini göstərir. Treyder tələbatın artmasının digər səbəbi olaraq ABŞ-la Çin arasında ticarət müharibəsini, həmçinin bir çox ölkələrin dollardan asılılıqlarını azaltmaq üçün dollar ehtiyatlarını qızıla çevirməsi faktorunu göstərir. Hətta sadə insanlar da 2020-ci ildə iqtisadi zəifləmə olacağı gözləntisi ilə qızıla investisiyalarını artırır.

 

Mənbə: www.baki-xeber.com