Tramp dövlətlərin iqtisadiyyatına dağıdıcı “dollar yürüşü”nə başlayır, Azərbaycan da hədəflərdən biridir…

Tramp dövlətlərin iqtisadiyyatına dağıdıcı “dollar yürüşü”nə başlayır, Azərbaycan da hədəflərdən biridir…

Son günlərdə ABŞ prezidenti Donald Tramp yenidən dolların güclü olmasından şikayətlənməyə başlayıb. O, Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin iclası fonunda qurumu uçot dərəcəsini azaltmağa çağırıb. Dövlət başçısı müraciətini “Twitter” səhifəsində yazıb: “Federal Ehtiyat Sistemi, ağıllı ol və Avropa ölkələri ilə rəqabətə davamlılığı artırmaq üçün faizi endir”.

Bir neçə gün əvvəl də Tramp yerli telekanallardan birinə müsahibəsində dolların güclü olmasından şikayətlənib. İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iştirak edən Tramp CNBC-yə müsahibəsində bildirib ki, dollar çox güclü və qüdrətlidir: “Bu, qulağa gözəl gəlir, bir çox tərəfdən yaxşıdır, ancaq emal sektoru nəzərə alındığında çox pisdir”. O qeyd edib ki, faizlər daha da aşağı salınmalıdır: “Dolların güclü olmasını istəyirəm, dolların çox güclü olmasını istəyirəm. Dolların müdhiş olmasını istəyirəm. Ancaq faizləri salsanız, çox-çox yaxşı olacaq". O, güclü dolların dünya ölkələrini ABŞ-la ticarətdən çəkindirdiyini bildirib. Tramp qeyd edib ki, Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti dolların güclənməsinə təsir göstərsə də, ABŞ-ın rəqabətə davamlılığına zərbə vurub: “Güclü dolların tərəfdarıyam. Lakin bu dolların ölkəmizin xeyrinə olmasını istəyirəm”,

Xatırladaq ki, ötən il Federal Ehtiyat Sistemi uçot dərəcəsini 3 dəfə endirib. Özü də bunlar Trampın təzyiqi ilə baş verib. Indi də bu təzyiq nəticəsində analoji durumun yaranması istisna olunmur. Bu fonda cari il ərzində dolların müəyyən qədər dəyərdən düşməsi tamamilə gözlənilən sayılır. Hesab edilir ki, belə vəziyyətdə Azərbaycan manatı üzərində də təzyiqlər artacaq. Manatın dollara nisbətdə möhkəmlənməsi baxımından milli valyutaya təzyiqlər getdikcə artır. Buna neft gəlirlərindən tutmuş ölkənin ixracının artması, turizm və digər sektorlar üzrə valyuta daxilolmalarının çoxalmasına kimi çoxsaylı amillər təsir edir. Eləcə də dünya maliyyə bazarlarında baş verənlər, xüsusən də dolların uçot dərəcəsinin azalması kimi faktorlar da bu prosesə ciddi təsir edir. Federal Ehtiyatlar Sisteminin bundan sonra da uçot dərəcəsini azaltması fonunda isə manata təzyiqlərin daha da artması qaçılmaz sayılır. Aydındır ki, ABŞ yenidən uçot dərəcələrini endirmək istiqamətində addımlar atsa, dollar dünya bazarında, eləcə də Azərbaycanda əhəmiyyətli dərəcədə ucuzlaşa bilər. Bunun qarşısı isə yenə Mərkəzi Bankın müdaxiləsi ilə alına bilər.

İndilikdə görünən budur ki, ölkənin baş bankı dollar-manat məzənnəsinin sabit qalması istiqamətində fəaliyyət göstərməli olacaq. Çünki 2020-ci il üçün dövlət büdcəsində manat- dollar məzənnəsinin 1.7 səviyyəsində olması nəzərdə tutulur. Maliyyə Nazirliyinin Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərində məhz bu hədd nəzərə alınıb. Amma baş verənlər manatın güclənməsinə xidmət edir. Yəni il ərzində manatın məzənnəsinin güclənməsi üçün təzyiqlər olacaq. Buna təsir edəcək əsas amillərdən biri isə elə neftin qiyməti ilə bağlıdır. Xatırladaq ki, bu il üçün büdcədə neft qiyməti 55 dollardan götürülüb. Amma baş verən bir çox hadisələr, xüsusən də OPEC+ ölkələrinin fəaliyyəti neftin qiymətinin ən azından daha yüksək həddə qalacağını göstərir. O da faktdır ki, OPEC+ ölkələri də bazardakı payını saxlamaq üçün neftin qiymətinin azı 60 dollar ətrafında olmasını məqbul hesab edir və bu istiqamətdə fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edək ki, hasilatın pay bölgüsünə uyğun olaraq Azərbaycanda da neft hasilatının artımı hələlik proqnozlaşdırılmır. Azərbaycan mövcud neft hasilatını qoruyub saxlamağa çalışan ölkələrdən biridir və bu istiqamətdə OPEC+ ölkələri ilə sıx əməkdaşlıq edir. Belə vəziyyət neftin qiymətini yüksək həddə saxlamağa bəs edir. Deməli, Azərbaycanın neft gəlirləri yenə nəzərdə tutulduğundan yüksək olacaq və bu da manata əlavə təzyiq yaradan faktorlardan sayılır. Yüksək qiymət Azərbaycana daxil olan valyutanın da həcminin əhəmiyyətli dərəcədə artımı deməkdir. Artan valyuta da, öz növbəsində, manat üzərində təzyiqin daha da artmasına rəvac verir. Digər tərəfdən əhali də əlindəki dolları manata çevirir. Əks-dollarlaşma prosesinin başlanması həm də indiki halda real sektora sərmayələrin cəlb edilməsi baxımından olduqca vacibdir. Belə vəziyyət isə manatın mövqelərini daha güclü hala gətirir.

Ramil QULİYEV

Mənbə: www.baki-xeber.com