Azərbaycan Energetika naziri: "Çox güman OPEC+ çərçivəsində erkən görüş olmayacaq"

Azərbaycan Energetika naziri: "Çox güman OPEC+ çərçivəsində erkən görüş olmayacaq"

"Çox güman ki, koronavirusla bağlı OPEC+ çərçivəsində nazirlərin erkən görüşü keçirilməyəcək".

"Report" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, koronavirusla bağlı OPEC+ formatında ölkələr arasında müzakirələr davam edir.

"Bu müzakirələrin koordinasiyası ilə OPEC-in Katibliyi məşğuldur. Üzv ölkələr arasında da müzakirələr aparılır. Azərbaycanın mövqeyi hər zaman soruşulur. Bilirsiniz ki, ilk olaraq mart ayında keçirilməsi nəzərdə tutulan Nazirlər görüşünün bir az tezləşdirilib fevral ayının ortalarında və ya sonunda keçirilməsi təklifləri var idi. Amma vəziyyət bir daha təhlil edildi və bu günə vəziyyət elədir ki, çox güman erkən Nazirlər görüşü olmayacaq. Nazirlərin görüşü planlaşdırıldığı kimi martın əvvəlində keçiriləcək", - Energetika naziri əlavə edib.

P.Şahbazov qeyd edib ki, həqiqətən də koronavirusun neftin qiymətinə 10%-dən çox təsiri olub, amma hazırda görünür ki, vəziyyət sabitləşir. "Neft qiymətinin bir qədər bərpa olunması istiqamətində vəziyyət dəyişməkdədir. Ona görə də gözləyirik ki, martın əvvəlində Vyanada görüşüb bu məsələni müzakirə edəcəyik.Bu arada Texniki Komitə Vyanada görüşüb və müəyyən tövsiyələrini verib. Nazirlər görüşündə bunlara baxılacaq, Komitənin vəzifəsi ancaq tövsiyə etməkdir".

Qeyd edək ki, OPEC+ ölkələrinin ekspert texniki komitəsi neft hasilatının azaldılmasına dair hazırda qüvvədə olan razılaşmanın müddətini ilin sonunadək uzatmağı, neft hasilatının isə gündəlik daha 600 min barel azaltmağı tövsiyə edib.

Bu, koronavirusun yayıldığı bir vaxtda neft bazarının sabitləşdirilməsi üçün hasilatı azaltmaq məsələsinə həsr olunan iclasda irəli sürülüb.

Mənbə: report.az