“İqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır”

“İqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır”

Prezident İlham Əliyev 50-ci Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasındakı çıxışında Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünü bildirib. Dövlətimizin başçısı respublikamızın qonşu ölkələrlə münasibətlərinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslandığını qeyd edib. Eyni zamanda, Azərbaycan üçün onun milli maraqlarının həmişə birinci yerdə olduğuna və buna görə də müstəqillik illəri ərzində bütün nailiyyətləri xalqımızın müstəqilliyə sadiq qaldığına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyinə görə əldə edildiyini vurğulayıb.

Son 16 ildə Azərbaycanın bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıtması da yuxarıdakı fikrin bariz ifadəsidir. Dövlət rəhbəri 50-ci Davos Dünya İqtisadi Forumunda bununla bağlı, həmçinin diqqətə çatdırıb ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır: “Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib”.
Prezident İlham Əliyev tərəfindən reallaşdırılan uğurlu strategiya və qəbul edilən Dövlət proqramları sayəsində son 16 ildə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, iqtisadi artımın sürətlənməsi və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətlərində əsaslı tədbirlər həyata keçirilib.
Dövlət başçısının Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib.
Görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. 2003-cü ildə 1,8 milyard dollar həcmində olan valyuta ehtiyatları keçən ilin yekunlarına görə, 51 milyard, hazırda isə 52 milyard dollara çatıb. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb.
Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə ev, mənzil verilib. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 96 faizə çatıb. Bu müddətdə 16 min 700 kilometr avtomobil yolu salınıb, Azərbaycanın qonşu ölkələrlə avtomobil magistralları müasirləşdirilib. Mindən çox kəndin yolu abadlaşdırılıb.
Ötən 16 il ərzində kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün 1500-dən çox artezian quyusu qazılıb, yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Azərbaycan orbitə çıxarılan üç peyklə kosmik dövlətə çevrilib, yeddi aeroport tikilib.
Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.

İqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı ölkə rəhbəri tərəfindən gerçəkləşdirilən strategiya və dördüncü regional proqramın icrası bu istiqamətdə müstəsna rol oynayıb. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib.
Bu fikrin təsdiqi olaraq, bir neçə göstəriciyə diqqət yetirək. Belə ki, 2019-cu ildə ölkənin 10 bölgəsində fəaliyyət göstərən sənaye zonalarında istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 9 milyon manata yaxın vəsait ödənilib. Əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emalı müəssisələrinin ixracı 14 faiz artıb. Aqrar sektorun inkişafında böyük rol oynayan 33 rayonda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı plan əsasında 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, ötən il gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində regionlar üzrə dövlət büdcəsinə 817 milyon manat və ya proqnozdan 163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb.
Bundan başqa əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.
Maliyyə sektorunda həyata keçirilən islahatlar nəticəsində sabitlik və müsbət trendlər müşahidə olunub. Kreditləşmə və əmanətlərin həcmində dollarlaşma azalıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevral ayının 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığı müvafiq fərman çərçivəsində sektor sağlamlaşdırılıb və müsbət nəticələr əldə olunub.
Real sektora kreditlərin ayrılması intensivləşib. Bu sahədə prosesin sürətləndirilməsi məqsədilə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə mühüm dəyişikliklər edilib, biznes kreditlərinin risk dərəcələri azaldılıb, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına, habelə bankların biznes kreditlərinə daha çox yer ayırmasına şərait yaradılıb. Ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməsi biznes kreditlərinin daha aşağı faizlə verilməsini zəruri edib. Milli valyuta üzrə biznes kreditlərinin 13 faizlə verilməsi bunun bariz ifadəsidir.
Özəl sektorun inkişafı istiqamətində sistemli islahatlar 2019-cu ildə də davam etdirilib. Sahibkarların güzəştli kreditlərlə təmin olunması diqqətdə saxlanılıb. Belə ki, 2019-cu ilin əvvəlindən bugünədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşüb.
Ümumiyyətlə, ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb.
Yuxarıda sadalanan göstəricilərdən belə bir qənaət hasil olur ki, 2019-cu il Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

“Xalq qəzeti”

 

Mənbə: xalqqazeti.com