Azərbaycan qış turizmi üçün də gözəl istirahət mərkəzidir

Azərbaycan qış turizmi üçün də gözəl istirahət mərkəzidir

Son illər həyata keçirilən sosial-iqtisadi layihələr, dövlət proqramları, siyasi sabitlik ölkəmizin inkişafını daha da sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmin daha da inkişafına səbəb olub. Ölkəmizdə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də, peşəkar kadrların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanı turizm ölkəsi kimi tanıdıb. Ümumilikdə, Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb, layihələr həyata keçirilib. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Sevindirici haldır ki, bu reallıqların və turizm sahəsinə ayrılan diqqətin nəticəsində, son illərdə Azərbaycana gələn turistlərin sayındə nəzərəçarpan artım müşahidə olunur. Ölkəmizin müxtəlif ərazilərində dünya standartlarına uyğun otellər, əyləncə mərkəzləri və istirahət zonaları yaradılıb. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba və Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycan, isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, o nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradılıb. Belə ki, məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açıb. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri, bitki və heyvan aləminin ekoloji xəzinəsi buradadır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisəolunmaz bir məkandır.

Qış-yay turizm kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub. Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addımlardan olan Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərdi ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən, mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.

"Şahdağ" Qış-Yay Turizm, "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət Komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların göstəricisidir.

"Şahdağ" Turizm Mərkəzində turistlərin istirahəti üçün bütün infrastrukturu yaradılıb, bura dünyanın nüfuzlu istirahət mərkəzləri ilə rəqabət apara biləcəyi məkandır. Yerli turistlərlə yanaşı, Qazaxıstan, Rusiya və Avropanın bir sıra ölkələrindən gələn turistlər də "Şahdağ" Turizm Mərkəzində dincəlirlər.

Turistlərin istirahəti üçün burada əlverişli hava şəraiti var, üç SPA mərkəzi fəaliyyət göstərir. Turistlərin idmanın 21 müxtəlif növü ilə məşğul olmaları üçün mərkəzdə geniş imkanlar yaradılıb. Burada yaradılan şərait, bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə və Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkanlar qışda da turistlərin ən gözəl istirahət mərkəzidir.

Bütün bunlar göstərir ki, Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına təsirini göstərir.

ZÜMRÜD BAYRAMOVA

Mənbə: sia.az