KOBİA və ASK-dan yerli şirkətlərə çağırış

KOBİA və ASK-dan yerli şirkətlərə çağırış

Bu gün Bakı İdman Sarayında açılmış “Partners and Business” sərgisi fevralın 22-nə qədər davam edəcək.

"Report"un məlumatına görə, sərgidə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

Sərgi çərçivəsində əmək münasibətləri, məşğulluq, biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, məsləhət xidmətləri göstəriləcək. KOBİA-nın İdarə Heyətinin sədr müavini Nadir Adilov deyir ki, bu tipli sərgilər şirkətlərin inkişafı baxımından əhəmiyyətlidir: “Fürsətdən istifadə edib hər kəsi sərgidə aktiv iştirak etməyə dəvət edirəm. Xüsusən də KİV-lərə bu tədbiri işıqlandırdıqları üçün minnətdaram. Bəzən sahibkarlıq fəaliyyətinin təqdim edilməsi reklam kimi qiymətləndirilir. Amma, nəzərə almaq lazımdır ki, Azərbaycan sahibkarları çox fədakardır. Onlar öz markalarını yaratmaq üçün illərlə əziyyət çəkiblər. Bu prosesə investisiya yatırıblar. Artıq göstəricilər vasitəsi ilə onlar istehlakçı, vətəndaş qarşısında imtahan vermiş hesab edilirlər. Buna görə də biz həmişə sahibkarın yanındayıq və yerli sahibkara daim dəstək olmaqda məmnunuq”.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov isə öz çıxışında sahibkarları aktiv olmağa çağırıb: “ASK-nın “Marsol” şirkətinin bu təşəbbüsünü dəstəkləməsi kiçik və orta biznesin dayanıqlı olmasına töhfə vermək üçündür. Çünki biz artıq 29 ildir bir çox bizneslər yaratmışıq. Bu ərəfədə onların bağlananı da, çiçəklənəni də, hətta 29 il ayaq üstə duranı da olub. Bu sərginin də keçirilməsi şirkətin fəaliyyətinin gücləndirilməsi üçündür. Ümidvaram ki, sərgi uğurlu keçəcək və iştirak edən şirkətlər özlərinə yeni tərəfdaşlar tapacaq. Bu gün texnika və texnologiyanın sürətli dəyişimi vaxtında şirkətlərin və bazarın inkişafı ilə, həmçinin yeni məhsulların bazara daxil olması ilə ayaqlaşmaq üçün şirkət daim hərəkətdə olmalıdır. Bu gün yerində durmaq geriyə qalmaq deməkdir. Ona görə də mən düşünürəm ki, bu artıq ənənə formasını almış ikinci sərgidir. Fürsətdən istifadə edib “Marsol” şirkətin, KOBİA-ya və “Kapital Bank”a təşəkkür etmək istəyirəm. Biz yerli şirkətlərimizin inkişafını dəstəkləməliyik. Ümidvaram ki, buradan şirkətlər öz bazar payını götürə biləcəklər. Onu da əlavə etmək istəyirəm ki, sadəcə sərgidə iştirak etmək yetərli deyil. Şirkətlər gərək sərgidə necə fəaliyyət göstərmək, müştəriləri necə cəlb etmək və s. bu kimi məsələləri həll etsinlər. Şirkət özünə hesabat verməlidir ki, bu sərgidən sonra nə əldə edəcək?!”.

Mənbə: report.az