Technip Italy S.p.A və İnnovasiyalar Agentliyi arasında Strateji Əməkdaşlıq Protokolu

Technip Italy S.p.A və İnnovasiyalar Agentliyi arasında Strateji Əməkdaşlıq Protokolu

20-21 fevral tarixlərində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya-Azərbaycan əlaqələrinin genişləndirilməsi məqsədilə İtaliyanın paytaxtı Roma şəhərində işgüzar görüşləri keçirib.

TED.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə “Technip Italy S.p.A” şirkətinin prezidenti Marko Villa və layihə üzrə məsul əməkdaşları ilə şirkətin baş ofisində görüş keçirilib.

Görüş zamanı T.Kərimli agentliyinin fəaliyyəti, ekosistemin inkişafına yönəlmiş təşəbbüsləri, layihələr, uğurlu startaplar, gələcək planlar və beynəlxalq əməkdaşlıqlar haqqında geniş məlumat verib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və Azərbaycanda investisiya imkanları da müzakirə edilib.

Daha sonra ilkin dəyəri 150 milyon avro təşkil edən regionda ilk “PLA” Bioplastik zavodunun layihəsinin iqtisadi əsaslandırmasının hazırlanması üçün iqtisadi göstəricilərin birgə təhlili aparılıb. Layihənin tikintisi agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur. Bu da layihəni vergi və gömrük güzəştləri ilə təmin edəcək.

Mövcud plana görə, növbəti 3 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq insan – mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayının 7000 nəfərdən artıq olacağı gözlənilir.

“PLA” layihəsi sayəsində ölkəmizə hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 milyon dollar olacaq. Qoyulan investisiyaların isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub.

Görüşün sonunda “Technip Italy S.p.A” və İnnovasiyalar Agentliyi arasında Strateji Əməkdaşlıq Protokolu imzalanıb.

Daha sonra isə heyət üzvləri “SACE S.p.A” nümayəndələri olan Korporativ anderraytinq üzrə direktoru Dario Liquti və İcraçı direktoru Kristina Morelli ilə görüşüblər.

Mənbə: ted.az