İtaliya Azərbaycan qazı sayəsində Avropanın qaz qovşağına çevriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri tarixi hadisədir.

Bunu Trend-ə iqtisadi və geosiyasi məsələlər üzrə italiyalı analitik Domeniko Letitsiya deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanla İtaliya arasında imzalanmış birgə bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələsidir: "Bu, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ilk dövlət səfəridir. Ölkələr arasında siyasi, iqtisadi, mədəni və elm sahələrində gözəl münasibətlər mövcuddur. Bu uğurlu səfər Azərbaycanla İtaliya arasında münasibətlərin inkişafı yolunda vacib addımdır".

Analitikin sözlərinə görə, Azərbaycan Prezidentinin İtaliyanın yüksək vəzifəli şəxsləri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə keçirdiyi görüşlər kommersiya və işgüzar mübadilənin inkişafı üçün əsas təşkil edir: "Bu tarixi səfər çərçivəsində keçirilən Azərbaycan-İtaliya biznes forumu da bir çox sahələrdə, xüsusilə də, kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafı üçün vacib əhəmiyyət daşıyır. Azərbaycan İtaliya ilə təkcə enerji sahəsində deyil, iqtisadiyyatın digər sahələri üzrə də əməkdaşlıq edir".

Onun sözlərinə görə, əməkdaşlıqda prioriteti enerji məsələsi təşkil edir və bunda Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması vacib rol oynayır: "TAP layihəsinin reallaşdırılması İtaliya üçün vacib əhəmiyyət kəsb edir, çünki bu layihə ölkəyə enerji problemlərinin öhdəsindən gəlməyə və Avropanın qaz qovşağına çevrilməyə imkan verəcək. 2020-ci ilin sonunadək Azərbaycan qazı İtaliyaya daxil olacaq və buradan Avropanın digər ölkələrinə tədarük ediləcək. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və qitənin qaz bazarında rəqabəti artıracaq".

D.Letitsiya əlavə edib ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkədə Azərbaycan mədəniyyət ilinin açılışına təsadüf edib:

"Bu tədbir çərçivəsində 10 ay ərzində bütün İtaliya ərazisində şoular, teatr tamaşaları, konsertlər, sərgilər və görüşlər keçiriləcək ki, bu da italyanlara Azərbaycanın ənənələri və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacaq".

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Gəncəni necə dizi üstə çökdürülür... - DTX buraları da təmizləməlidir

SONRAKI XƏBƏR

Üçtəkanla tullanma üzrə yeni dünya rekordu vuruldu