Bakıda qazı kimlər və necə oğurlayırlar? TƏFƏRRÜAT

Bakıda qazı kimlər və necə oğurlayırlar? TƏFƏRRÜAT

“Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 saylı çağrı mərkəzinə zəng gəlir: “Sizi Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisindən narahat edirəm. Bu artıq 4-cü zəngimdir. Qonşum təbii qazdan qeyri-qanuni istifadə edir, oğurluqla məşğuldur”.
Bu abonent qazdan normal şəkildə istifadə edən vətəndaşdır. Onu narahat edən isə anormal qonşusudur. Çünki onun kimi bir çoxları qazı rejimə uyğun, başqa sözlə, normal təzyiqdə ala bilməmələrindən tez-tez şikayətələnirlər. Çoxu səbəbi bilmir, amma şikayətçi olan bu vətəndaş məsələnin kökündən-qazın təzyiqini aşağı salıb, əsəbdən onun kimilərinin qan təzyiqini qaldıran qonşusunun əməlindən xəbərdardır...

Bu, qeydə alınan yüzlərlə faktlardan biridir. “Azəriqaz” İB bu kimi halların qarşısını almaq üçün yalnız bir variantdan istifadə edir: qanunsuz xətt ümumi kəmərdən dərhal kəsilərək ayrılır. Bir dəfə, iki dəfə, üç dəfə və... dəfələrlə. Amma qaz təsərrüfatı işçilərinin ərazidən uzaqlaşmalarından sonra cəmi yarım saat kifayət edir ki, adətkar olan qaz oğrusu yenə də əməlini təkrarlasın. Bu cür “gizlənpaç” oyunu mövcud kəmərlərin səthini deşik-deşik edib. Belə faktlar Sabunçu rayonunun Maştağa və Nardaran kəndlərində, Binəqədi rayonunun Xocasən, Abşeron rayonunun Hökməli, Suraxanı rayonunun Zıx və Xəzər rayonunun Binə qəsəbələrində daha çox müşahidə olunur...

Bu ərazilərdə fərdi yaşayış evlərinin qarşısından keçən qaz xətlərini saxlayan dirəklərə diqqət yetirmək kifayət edir ki, “Azəriqaz”ın hansı çətinliklərlə qarşılaşdığını görmək mümkün olsun. Qaz təsərrüfatı işçiləri özləri də bəzən dirəklərdən deşik açmaq məcburiyyətində qalırlar. Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına, qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. Günlərlə, aylarla uçan bu qaz, təkcə “Azəriqaz” İB-nin itkisi deyil, bütövlükdə dövlətin sərvətinin talanmasıdır.

2019-cu ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub. 67, 5 milyon kubmetr (bura qeyri-əhali qrupuna aid 6 milyona yaxın kubmetr də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxtətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

“Azəriqaz” bu mübarizədə, sözün əsl mənasında, təkdir. Qurumun qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma burada yaxşı bilirlər ki, bəziləri bu minvalla nəinki təkcə öz tələbatlarını ödəyir, hətta həyətlərindən digər qonşularına da qaz paylayır, onların istixanalarını qazla təmin edir, bir sözlə, özləri üçün “mini qazpaylayıcı şəbəkə” yaradırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Mövcud qanunvericiliyin təkmilləşdirildiyi deyilsə də, ortalıqda hələ yekin nəsə görünmür. Elə talançılıqla havaya uçan qazın görünmədiyi kimi...

Məmməd Əfəndiyev

Virtualaz.org

Mənbə: virtualaz.org