Siyəzənlilər uğurların davamlı olacağına əmindirlər

Siyəzənlilər uğurların davamlı olacağına əmindirlər

Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Siyəzən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və iclas iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yığıncaqda geniş məruzə ilə çıxış edərək, hesabat dövründə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verib. Natiq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin tərəqqisinə, xalqın rifahının durmadan yüksəlməsinə hesablanan strateji layihələrin, regionların sosial-iqtisadi inkişafı proqramlarının, bütün ölkə boyu infrastrukturun yeniləşdirilməsinin ardıcıl həyata keçirilməsi, radikal struktur islahatlarının dərinləşdirilməsi, çevik idarəçilik metodlarının tətbiqi bütün sahələrdə dinamik inkişafı gerçəkləşdirib.
Məruzədə 2019-cu ildə ölkə iqtisadiyyatında əldə olunan uğurlar geniş şərh edilib və dövlət başçısının əhalinin sosial rifahının durmadan yaxşılaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların xalq tərəfindən böyük rəğbətlə qarşılandığı xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi strategiya Siyəzən rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatını da kökündən dəyişib, bölgə sürətlə inkişaf etməkdə olan bir regiona çevirilib.
Ölkənin ümumi inkişafına uyğun olaraq 2019-cu ildə Siyəzənin sosial-iqtisadi inkişaf dinamikası da müsbət olub, iqtisadiyyatın əsas sahələri üzrə ümumdaxili məhsul buraxılışının həcmi 79,4 milyon manat və ya 36,3 faiz artaraq 309,8 milyon manata çatıb. Bunun 146,1 milyon manatı tikintinin, 101,8 milyon manatı kənd təsərrüfatının, 31,4 milyon manatı sənayenin, 28,7 milyon manatı ticarətin, 1,8 milyon manatı nəqliyyat və rabitə sektorunun payına düşüb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 49,8 faiz təşkil edib.
Diqqətçəkən məqamlardan biri də 2019-cu ildə bütün mülkiyyət növləri üzrə, o cümlədən əhalinin şəxsi vəsaiti də daxil olmaqla, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafına 180,9 milyon manat investisiya yönəldilməsidir ki, bu da əvvəlki illə müqayisədə 97,9 faiz çoxdur.
Rayonda sahibkarlığın inkişafına da geniş imkanlar yaradılıb. 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 sahibkara 9,7 milyon manat, rayonda fəaliyyət göstərən banklar tərəfindən isə 2780 nəfərə 9,1 milyon manat kredit verilib. Siyəzəndə sahibkarlar tərəfindən 113,8 milyon manat dəyərində 17 investisiya layihəsi üzrə işlərin icrası davam etdirilib ki, bunun da 68,4 milyon manatı məhz ötən ilin payına düşür.
Məruzədə vurğulanıb ki, Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri kimi, kənd təsərrüfatının inkişafı istiqamətində də siyəzənlilər ötən il böyük uğurlara imza atıblar. Müəyyənləşdirilən strateji istiqamətlər və yaradılan münbit şərait sayəsində ötən il rayonda 101,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu məhsulun 8,9 milyon manatı bitkiçilik, 93,1 milyon manatı heyvandarlıq məhsullarından ibarət olub. Cari ildə yüksək nəticələrin əldə edilməsi üçün hazırda rayonda fermer, ailə təsərrüfatları və müəssisələr tərəfindən ciddi işlər gedir.
Dövlət tərəfindən göstərilən böyük dəstək sayəsində Siyəzən rayonunun fermerləri, yerli sahibkarlar və ailə təsərrüfatlarında çalışan insanlar mühüm uğurlar əldə ediblər. Bu da rayon sakinlərinin sosial-iqtisadi durumunun yaxşılaşmasında çox böyük rol oynayıb.
Yığıncaqda vurğulanıb ki, bu günlər ölkəmizdə inkişafın davamlılığını nümayiş etdirən regionların dördüncü sosial-iqtisadi inkişafı dövlət proqramının birinci ilinə yekun vuruldu: “Dövlət başçısı uğurlar və nailiyyətləri qeyd etməklə yanaşı, həyata keçiriləcək vəzifələrin də az olmadığını diqqətə çatdırdı. Cənab Prezidenti qəti əmin edirik ki, qarşımızda daha vacib və mühüm vəzifələr qoyulmaqla regionlarımızın böyük gələcəyinə geniş yollar açan dördüncü dövlət proqramının icrasında üzərimizə düşən vəzifələri uğurla yerinə yetirmək üçün səylərimizi, qüvvə və bacarığımızı əsirgəməyəcəyik”.
Tədbirdə çıxış edən ayrı-ayrı idarə və müəssisə rəhbərləri görülən işlərin bölgənin inkişafında, əhalinin sosial rifahının və məişət şəraitinin yaxşılaşmasında, məşğulluğun təmin edilməsində böyük rol oynadığını vurğulayaraq, rayon icra hakimiyyətinin 2019-cu ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çxış edərək sosial-iqtisadi sahədə dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırıb və bütün rayonlar kimi, Siyəzənin də qarşısında duran vəzifələrdən danışıb.
Hesabat yığıncağında 2020-ci ildə rayon icra hakimiyyəti qarşısında duran vəzifələr və həyata keçiriləcək tədbirlər proqramı geniş müzakirə edilib və qərar layihəsi hazırlanıb.
Sonda hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.

Mənbə: xalqqazeti.com