Naxçıvanda tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

Naxçıvanda tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, idarə tərəfindən ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində tikintisi və yenidənqurulması nəzərdə tutulmuş obyektlərin tikinti sahəsində mühəndis-geoloji tədqiqat işləri aparılıb, obyektlərin həcm və mərtəbə sayından asılı olaraq müəyyən dərinliklərdən qrunt nümunələri götürülüb. Tikinti sahələrinin geoloji-litoloji kəsilişləri nəzərə alınmaqla mühəndis-geoloji elementlər müəyyənləşdirilib. Tikinti sahələrindən götürülmüş nümunələrin idarənin mühəndis-geoloji, beton və sement laboratoriyasında analizi aparılıb, mühəndis-geoloji işlərin nəticələri haqqında hesabat və rəylər hazırlanıb.

Tədqiqat işlərinin aparılması və mühəndis-geoloji hesabatların hazırlanması normativ sənədlərin tələblərinə uyğun həyata keçirilib. Aparılan tədqiqat işlərinin əsas məqsədi tikinti sahəsinin geoloji-litoloji quruluşunu, hidrogeoloji şəraitini dəqiqləşdirməkdən, qruntların fiziki-mexaniki xassələrini öyrənməkdən ibarət olub.

Quyuların və şurfların qazılması Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli idarələrinin, eləcə də muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilib.

 

Mənbə: azertag.az