İsmayıllı: Daha bir il sosial-iqtisadi uğurlarla yadda qaldı

İsmayıllı: Daha bir il sosial-iqtisadi uğurlarla yadda qaldı

– 2019-cu ildə rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin mərkəzində 4 ulduzlu otel binası, “Azərxalça” ASC-nin ikinci xalça istehsalı müəssisəsi, 100 yerlik uşaq bağçası, 48 mənzilli yaşayış binası, Basqal qəsəbəsində 432, Gəraybəyli kəndində 320 şagird yerlik yeni məktəb binaları, Sumağallı, Sulut, Diyallı kəndlərində tibb məntəqələri və digər bina və qurğular istifadəyə verilib...

Bu fikirləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində səsləndirdi. Natiq qeyd etdi ki, ötən il rayonda əsas kapitala 92 milyon 160 min manat investisiya qoyulub. Məlum olduğu kimi, İsmayıllıda rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının 36,4 faizi məhz aqrar sahənin payına düşür.
Mirdaməd Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda vüsət alan inkişaf dinamikası regionlarda da özünü göstərməkdədir. 2019-cu ildə rayonumuz bu ümumi inkişafa öz töhfələrini verib. Əsas fəaliyyətimiz cənab Prezidentin tövsiyə və tapşırıqlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəldilib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası 2019-cu ildə uğurla davam etdirilib. Belə ki, ilin əvvəlindən başlayaraq rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Kəlbənd kəndində körpünün tikintisi, İvanovka Mədəniyyət Sarayının və Qalacıq kəndində körpünün əsaslı təmiri həyata keçirilib. Yerli əhəmiyyətli Təzəkənd –Ağbulaq --Qoşakənd, Quşencə --Zoğallıq və Tircan --Maçaxı kəndlərinin giriş yolları yenidən qurulub və asfalt örtük vurulub.
“Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-müalicə mərkəzində, Talıstan kəndi ərazisində “İstirahət kompleksi”ndə tikinti işləri davam etdirilib.
Basqal qəsəbəsində Turizm Kompleksinin, Qubaxəlilli kəndi ərazisində 3 min tonluq soyuducu anbarın, İvanovka kəndi ərazisində toxum emalı zavodunun, Girdiman çayı yatağında xırdabuynuzlu heyvanların çimizdirilməsi üçün xüsusi qurğunun tikintisinə başlanılıb. Qalacıq, Qalagah, Soltankənd, Uştal və Zeyvə kəndlərinin qazlaşdırılması başa çatdırılıb, sakinlər təbii qaz yanacağı ilə təmin olunub.
Hesabat məruzəsində qeyd edildi ki, “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları il ərzində 8 milyon 903 min kilovat-saat elektrik enerjisi istehsal edib. Rayonun 108 yaşayış məntəqəsindən 48-i qazlaşdırılıb, internetin surət və keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Rayonda su, işıq problemləri həll olunub, 121 ailəyə ünvanlı dövlət sosial yardımı verilib. Təhsil, səhiyyə, mədəniyyət, turizm sahəsində əsaslı yeniliklərə və uğurlara imza atılıb, dövlət tədbirləri və bayramları yüksək səviyyədə qeyd olunub.
2019-cu ildə rayonda faktiki qiymətlərlə 273 milyon 242 min manat məbləğində ümumi məhsul istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 757 min manat çoxdur. Adambaşına düşən ümumi məhsul dəyər ifadəsində 145 manat artaraq 3126 manat təşkil edib. Kənd təsərrüfatında 8,6 faiz, sənayedə 23,9 faiz, tikinti-quraşdırma işlərində 0,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5 faiz, informasiya və rabitədə 19,5 faiz, ticarətdə 4,8 faiz artım əldə olunub. Ümumi məhsulun 86,8 faizi özəl sektorun payına düşür.
Məruzə ətrafında İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Mərkəzi Xəstəxananın baş həkimi Vidadi Rəhimov, Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Jabina, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri Pərviz Ağayev, Gənclərin İnkişaf Karyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev və Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev çıxış edərək 2019-cu ildə fəaliyyət sahələrində gördükləri işlər barədə məlumat veriblər.
Şəhər 5 saylı tam orta məktəbin Əməkdar müəllimi Nazənin Həsənova, Bizlan kənd sakini Tofiq Məmmədov çıxış edərək ölkə Prezidentinin apardığı genişmiqyaslı islahatların uğurlu nəticələrini xatırladıb, əhalinin sosial həyat şəraitinin günbəgün yaxşılaşdığını qeyd ediblər. Diyallı kənd sakini Sədiqə Orucova zəlzələdən sonra onun üçün tikilən evə görə ailəsi adından cənab Prezidentə və Mehriban xanıma öz minnətdarlığını ifadə edib.
Xatırladaq ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsini ziyarət edib, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri abidənin önünə tər çiçək dəstələri düzüblər.
Yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Nəsir Muxtarlı iştirak edib. O, çıxışında ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər barədə məlumat verib. İsmayıllıya ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

Mənbə: xalqqazeti.com