KOBİA startapların beynəlxalq miqyasa çıxması üçün bir sıra fəaliyyətlər həyata keçirir – AÇIQLAMA

KOBİA startapların beynəlxalq miqyasa çıxması üçün bir sıra fəaliyyətlər həyata keçirir – AÇIQLAMA

“Azərbaycanda 20-dən çox inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir. Bunların sırasında həm dövlət həm də özəl sektor tərəfindən təsis olunan mərkəzlər yer alıb. Həmçinin dövlət-özəl əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən mərkəzlər var. İnkubasiya və akselerasiya mərkəzləri və onların seçilmiş rezidentləri əhəmiyyətli sayda beynəlxalq forum və sammitlərdə iştirak ediblər. Artıq bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı çərçivəsində innovativ və ənənəvi olmayan layihələrə dəstəyin göstərilməsinə başlayır. Nəzərinizə çatdırım ki, gənc startapçıların daha çox uğur qazanması üçün, artıq EnterpriseAzerbaijan.com portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğunluq təşkil edən startap layihələrinin bu proqram çərçivəsində reallaşdırılması məsələsinə baxılması üçün Dövlət Məşğulluq Xidmətilə əməkdaşlıq qurulub. Azərbaycan startap ekosisteminə təkan vermək məqsədilə İnnoland Akselerasiya və İnkubasiya Mərkəzi tərəfindən ABŞ-ın Silikon Vadisində Azərbaycanın “Tech Diasporası” yaradılır. Burada əsas məqsəd Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem iştirakçılarının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır. Amerika Birləşmiş Ştatlarının "Silikon Vadisi"ndə Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi İnoland İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb. Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib”.

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı bildirib ki, İnnovasiyalar Evinin əsas fəaliyyəti Azərbaycan startaplarına dəstək verməkdən ibarətdir: “ABŞ-da işini qurub, genişləndirmək istəyən startaplar "İnnovasiyalar Evi"ndən istifadə edə bilər. Hər bir yeni startap onun üçün nəzərdə tutulmuş üçaylıq akselerasiya proqramına qoşula biləcək. Onlar burada həmçinin müxtəlif "Demo day"-lərdə iştirak edəcək, investorlarla görüşəcəklər. Azərbaycanda ilk dəfə EnterpriseAzerbaijan.com yerli innovativ startap və məhsul sahiblərinə “kraudfandinq” imkanları təqdim edir. Həmin layihələrin investisiya və öncədən satış əldə etmək üçün qlobal müstəvidə bütün beynəlxalq investor və donorlara Amerika Birləşmiş Ştatlarının “kraudfandinq” (crowdfunding) platforması olan “Kickstarter” platformasına çıxışı təmin olunur. EnterpriseAzerbaijan.com portalı Nyukasl Universiteti ilə birlikdə “Creative Spark” layihəsi çərçivəsində Azərbaycanda sahibkarlığın tədrisinin inkişafı və startapların dəstəklənməsi məqsədilə fəaliyyətlər həyata keçirir. KOBİA öz növbəsində startapların beynəlxalq miqyasa çıxması, bacarıqların artırılması və maarifləndirmə sahəsində fəaliyyətlər həyata keçirir”.

Mənbə: ted.az